“Teleradio” İB ilə Xəzər Universiteti arasında anlaşma memorandumu imzalanıb

Yeni sferada və daha geniş şəkildə qarşılıqlı əməkdaşlıq mühitinin formalaşdırılması məqsədilə “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio” İB) ilə Xəzər Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandumda universitetin Fizika və elektronika departamentinin tələbələrinin “Teleradio” İB-nin bazasında istehsalat təlimi və təcrübə keçmələrinə şərait yaradılması, eləcə də radiotexnika və elektronika sahələrində istehsalatla bağlı texnoloji proseslərin təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin aparılması istiqamətində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulur. Sənəd, həmçinin tələbələrin texniki ixtisaslara yiyələnməyə həvəsləndirilməsi üçün birgə innovativ yeniliklərə əsaslanan proqramların hazırlanması və digər istiqamətlərdə əməkdaşlıq məsələlərini əhatə edir.

Memorandumda qeyd olunan proseslərin ən qısa zamanda həyata keçirilməsi üçün hər iki tərəfin müvafiq struktur bölmələri arasında, eləcə də tələbələrlə davamlı görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb və əməkdaşlığın faydalı olacağına əminlik bildirilib.

12.10.2022