DVB-T dilimizə Yerüstü (Terrestrial) Rəqəmsal (Digital) Video (Video) Yayım (Broadcasting) kimi tərcümə olunur. DVB-T (rəqəmsal televiziya) standartı aşağıdakı üstünlüklərə malikdir.
– Təsvir və səs siqnallarının ötürülmə və qəbul keyfiyyəti yüksəlir (ötürülmədə kənar maneələr hiss olunmur, informasiyaların saxlanılmasında itki olmur və s.);
– Proqramların sayının xeyli artırılması imkanı;
– Vericilərin gücünün daha aşağı olması;
– Mobil və portativ qəbuledicilərlə qəbul imkanı;
– Tezlik spektrindən effektiv istifadə (1 TV kanalda 10-12 TV proqram);
– Birtezlikli yayımın tətbiq edilmə imkanı;
– Lokal TV proqramlarının təşkilinin mümkünlüyü;
– TV proqramları ilə yanaşı əlavə xidmətlər üzrə məlumatların ötürülmə imkanı (hava haqqında, nəqliyyatın hərəkət cədvəli, reklamlar və s.);
– Rəqəmli TV yayım şəbəkəsinin interaktivlik imkanı, internetlə bağlantı, abunəçi girişi üçün kodlama sisteminin imkanlığı;
– Yayımın kənar maneələrə qarşı davamlı olması, digər rabitə vasitələri tərəfindən yaradılan maneə təsirinin minimum olması;
– Yerüstü TV yayımın təşkili üçün mövcud infrastrukturdan (TV stansiyalardan, qəbuledici antenlərdən, abunəçi avadanlığından və s.) istifadə imkanı;
– Yayım konfiqurasiyasının operativ dəyişdirilmə imkanı (FEC, müdafiə zolağı, 8k və 2k rejimləri və s.);
– Bu və ya digər tədbirlərin köməyi ilə ötürülən informasiyanın 3 dəfədən 100 dəfəyədək sıxlaşdırılması imkanı.
Respublikada DVB-T standartlı rəqəmsal televiziya yayımına keçid
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274s saylı 13.09.2006-cı il tarixli sərəncamına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib. Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq olunub.
Azərbaycanda ilk rəqəmli TV verici 2004-cü ildə Bakı şəhərində quraşdırılıb. O vaxt bu verici vasitəsilə MPEG-2 standartında 4 TV proqramın yayımı test edilirdi. 2008-ci ildə isə Bakı şəhərində MPEG-4 standartlı TV yayımın test işlərinə başlanıldı.
Artıq, 2009-cu ildən Bakı şəhərində və ətraf ərazilərdə MPEG-4 standartla 12 TV proqramın yayımı həyata keçirilirdi. Həmin il ölkə əhalisinin 35%-i rəqəmli TV-ni qəbul etmək imkanına malik oldu.
2010-cu ildə ölkə ərazisində rəqəmsal TV yayım şəbəkəsi genişləndirilərək, Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və respublikanın cənub bölgəsində yayıma başlanıldı. Bununla da, ölkə əhalisinin 55%-nin rəqəmsal TV ilə əhatə olunması təmin edildi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2011-ci il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı”-nın həyata keçirilməsi ilə əlaqədar respublikada əhali yaşayan ərazilərin ən azı 85 faizini əhatə edəcək 1 paketdən (10-12 proqram) ibarət DVB-T rəqəmsal televiziya yayımının təşkilinə dair Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 22.07.2011-ci il tarixli, 27 saylı Tədbirlər Planının bəndlərinin icrasına uyğun olaraq, sosial açıq paketin yayımının təşkili üçün 2011-ci il üzrə planlaşdırılan rəqəmsal TV vericilərin və əlavə avadanlıqların quraşdırılması təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə əsasən, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramların yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən 27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərar çıxarılmış və icra edilmişdir. Bununla da, ölkə ərazisində analoq TV yayım dayandırılmaqla, DVB-T standartlı rəqəmsal TV yayıma keçid tam başa çatdırılmışdır.
Hazırda ölkədə əhali yaşayan ərazilərin təxminən 99,8 %-i rəqəmsal TV yayımla əhatə olunur.