DAB+ rəqəmsal radio

20 dekabr 2018-ci ildə rəqəmsal radio yayımına keçidlə əlaqədar Avropa Elektron Kommunikasiya Kodeksi qüvvəyə minmişdir. Bu Kodeksdə qeyd olunanların Avropa İttifaqı (Aİ) ölkələrində 21 dekabr 2020-ci il tarixinə qədər milli qanunvericilikdə nəzərə alınması qərara alınmışdır.  Kodeksə görə Aİ-nin bütün ölkələrində yeni avtomobillərdəki bütün radio qəbuledicilər DAB+ standartlı rəqəmsal radio proqramlarını qəbul etmə imkanına malik olmalıdır. Qeyd olunan qərar bir çox Avropa ölkələrinin qanunvericiliyində nəzərə alınmış və digər ölkələrdə də bu iş aparılır.

Hazırda dünyanın 30-dan çox ölkəsində DAB+ standartında rəqəmsal radio yayımı həyata keçirilir.

Avropa ölkələri ilə yanaşı Tunisdə (75%), Küveytdə (100%), Əlcəzairdə (7%) və s. ölkələrdə də DAB+ radio yayımlanır.

Ukrayna – 2018-ci ildə ilk dəfə Kiyev şəhərində DAB+ radio yayımına başlanılmışdır (14 radio proqram, ölkə üzrə əhalinin 7.14 faizi). Ukraynanın Lvov şəhərində də yaxın vaxtlarda rəqəmsal radio yayımına keçid nəzərdə tutulur.

Rusiya Federasiyası – DAB+ standartı rəqəmsal radio yayım standartı kimi qəbul olunmuşdur. Rusiya Federasiyasının Radiotezliklər üzrə Dövlət Komissiyasının 16 aprel 2018-ci il tarixli qərarına əsasən 174-230 MHs tezlik zolağı DAB+ rəqəmsal radio yayımının tətbiqi üçün müyyən edilmişdir. Rəqəmsal radio yayımı Moskva şəhərində test edilmişdir.

Belarus Respublikası – 2019-cu ilin əvvəlində  DAB+ rəqəmsal radio yayımının ərazi-tezlik planı hazırlanmışdır. 2019-cu ilin aprel ayında Minsk şəhərində DAB+ rəqəmsal radio yayımı test edilmişdir.

Özbəkistan Respublikası – cari ilin sonuna qədər DAB+ rəqəmsal radionun  sınaq yayımına başlanılması nəzərdə tutulur.

Qazaxıstan Respublikası – rəqəmsal radio yayımına keçid və standartın müəyyən olunması ilə bağlı müzakirələr aparılır.

Gürcüstanda – DAB+ rəqəmsal radio yayımına keçidlə əlaqədar strategiya hazırlanmışdır.

İran İslam Respublikası – Tehran, Kerman və İsfahan şəhərlərində IRIB tərəfindən DAB+ rəqəmsal radioyayımı (16 radio proqram) həyata keçirilir.

Türkiyə Respublikasında  – 2017-ci ilin may ayında TRT yayım şirkəti tərəfindən 4 verici ilə İstanbul, Ankara, Bursa və Kocaeli şəhərlərində test yayımına başlanılmışdır (7 radio proqram, ölkə üzrə əhalinin 30 faizi).

Hazırda Azərbaycanda radio yayımları FM analoq formatında həyata keçirilir. Bu məqsədlə, ölkə ərazisində istismar olunan 40 Radio-Televiziya Yayım Stansiyasında müxtəlif güclü 100-ə yaxın FM radio yayım vericisindən istifadə olunur. “Azərbaycan FM” radio yayımının ölkə üzrə əhatəsi təxminən 99%, “İctimai FM” radio yayımlarının əhatəsi təxminən 93%, özəl FM radio yayımların əhatəsi isə təxminən 40-90% arasında dəyişir. FM radio proqramlarının qəbulu əsasən avtomobillərdə həyata keçirilir. Bəzi bölgələrdə və xüsusilə sərhədyanı ərazilərdə FM radio proqramlarının sayı paytaxt və böyük şəhərlərdəki radio proqramların sayından dəfələrlə azdır. Paytaxla bölgələr arasında radio proqramlar arasındakı fərqin aradan qaldırılması üçün özəl teleradio proqram istehsalçıları tərəfindən əlavə vericilərin quraşdırılması və istismarı xərcləri tələb olunur.

26 avqust 2019-cu il tarixində Azərbaycanda ilk dəfə Bakı Teleqüllə Kompleksində DAB+ standartlı rəqəmsal radio yayım vericisi quraşdırılmış və hazırda 11B kanalında (218.6 MHs teziyində) bir paketdə 11 yerli rəqəmsal radio proqramının Bakı şəhəri və Abşeron yarımadasında sınaq yayımı həyata keçirilir. Rəqəmsal radio proqramları məişət və avtonəqliyyat vasitələrində qəbul etmək üçün DAB+ standartını dəstəkləyən qəbuledicilər tələb olunur.

Ölkəyə idxal olunan əsasən Avropa istehsalı olan müasir avtonəqliyyat vasitələri DAB+ rəqəmsal radio yayımını dəstəkləyən radioqəbuledici ilə təchiz olunmasına baxmayaraq, hazırda Azərbaycanda FM analoq radio yayımları tətbiq olunduğu üçün istifadəçilər FM analoq radio yayımlarına üstünlük verirlər. Lakin, DAB+ rəqəmsal radio yayımı bütün ölkə ərazisində tətbiq olunarsa, bu tendensiya dəyişəcəkdir. DAB+ rəqəmsal radio qəbulunu dəstəkləməyən avtomobillərdə isə çevirici qurğulardan istifadə edilməklə  rəqəmsal radio proqramlar qəbul ediləcəkdir. Nəticədə, istər məişət, istərsə də avtonəqliyyat vasitələrinin radioqəbulediciləri vasitəsi ilə əhali daha keyfiyyətli rəqəmsal radio yayımlarını qəbul etmək imkanı əldə edəcək və yeni növ informasiya xidmətlərindən yararlana biləcəkdir. Eyni zamanda, DAB+ rəqəmsal radio yayımları üzərindən fövqəladə və digər hallar zamanı əhalinin məlumatlandırılması siqnalların verilməsi imkanı yaranacaqdır ki, bu da öz növbəsində əhaliyə təcili və təxirəsalınmaz məlumatların ötürülməsini mümkün edəcəkdir.

DAB+ rəqəmsal radio yayımının üstünlükləri:

-Radiotezlik spektrindən daha səmərəli istifadə;

-Radio siqnalın daha keyfiyyətli və inamlı qəbulu;

-Bir tezlik zolağında audio siqnal ilə bərabər, video, qrafik və yazı kimi informasiyaların ötürülə bilmə imkanı;

-Təktezlikli şəbəkə (SFN) rejimində yayım imkanı;

-Qəbuledicinin yerləşdiyi hərəkət edən obyektin (avtomobil, qatar və s.) sürətindən asılı olmayaraq (dopler effektinin olmaması), radio siqnalın əhatə dairəsinin istənilən nöqtəsində inamlı qəbul imkanı (interferensiya hallarının olmaması);

-Təcili və təxirəsalınmaz məlumatların bir mənbədən bütün qəbuledicilərə ötürülməsi və qəbulu.

-Və s.

DAB+ rəqəmsal radio yayımı üzrə texniki məsələlərlə bağlı “Teleradio” İB-nin 012-493-22-63 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.