Şuşa Radio-Televiziya Yayım Stansiyası haqqında məlumat

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının icrası ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq işğaldan azad olunan ərazilərdə müvafiq bərpa və yenidənqurma işlərinə başlayıb. Bu işlər çərçivəsində 31 dekabr 2020-ci il tarixindən Şuşa Radio-Televiziya Yayım Stansiyasında (RTYS) radio-televiziya yayımının təşkili müvəqqəti bərpa edilib.
Lakin dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsi üçün işğal dövründə erməni işğalçıları tərəfindən Şuşa RTYS-nin dağıdılmış və yararsız vəziyyətə salınmış ərazisində mövcud olan texniki binanın yerində yeni texniki binanın tikilməsi və yeni texnologiyaların istismarını mümkün edəcək, müasir konstruksiyalı yeni metal qüllənin qurulmasına zərurət yaranıb.
Bu səbəbdən müasir konstruksiyalı yeni radio-televiziya yayım stansiyasının ilkin eskiz layihəsi hazırlanıb. Layihədə 130 metrlik metal qüllə və 764 m2 ölçülü texniki bina nəzərdə tutulub. Sözügedən qüllənin 60 – 80 metrliyində mobil rabitə, radio-rele və güc strukturlarına məxsus anten sistemlərinin, 80 – 93, 20 metrliyində DAB+ standartlı rəqəmsal radio yayımının anten sistemlərinin, 80 – 112,4 metrliyində FM radionun anten sistemlərinin və 112,4 – 130 metrliyində TV anten sistemlərinin (UHF diapazonlu) yerləşdirilməsi planlaşdırılır. Texniki binada isə radio-televiziya yayım avadanlıqlarının və nəzarət-monitorinq sisteminin yerləşdirilməsi, həmçinin müvafiq dövlət rabitə və media qurumlarının istifadəsi üçün sahələrin ayrılması nəzərdə tutulur.
Sözügedən layihə əsasında Şuşa RTYS yenidən qurulduqdan sonra Şuşa, Xankəndi şəhərləri, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Naftalan rayonları, eləcə də Füzuli, Cəbrayıl, İmişli, Zərdab, Ucar, Ağdaş, Yevlax, Mingəçevir, Goranboy və Göygöl rayonlarının Şuşa şəhəri istiqamətində yerləşən yaşayış məntəqələri radio-televiziya yayımları ilə təmin olunacaq.
Bu məqsədlə stansiyada hər biri 2,4 kVt-lıq 2 dəst rəqəmsal televiziya vericisinin, hər biri 2 kVt-lıq 2 dəst rəqəmsal DAB+ radiovericisinin, hər biri 5 kVt-lıq 3 dəst FM radiovericisinin, 1+1 dəst peyk qəbullu baş stansiya avadanlıqlarının qurulması nəzərdə tutulur.
07.11.2021