Fevralın 2-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Astara Rayon Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Mədəniyyət Mərkəzinin foyesində rayon rəssamlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Görüşdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Astarada da iri həcmli sosial layihələrin həyata keçirildiyini bildirib. Q.Ağayev bu işlərin davamlı olduğunu, rabitə və kommunikasiya sahəsində də bir sıra tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr haqqında məlumat verən nazir R.Quluzadə rabitə və telekommunikasiya sahəsindəki perspektivlərdən də söz açıb. Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, ölkəmizdə telekommunikasiya şəbəkəsinin elektronlaşma səviyyəsi 100 faizə çatdırılıb, telefon şəbəkəsinin 45 faizi ən son texnologiyalar əsasında yenidən qurulub, 900-dən çox poçt şöbəsi, 10 poçt filialı üçün yeni binalar tikilib. Əhalinin 90 faizindən çox hissəsi rəqəmli televiziya yayımı ilə əhatə olunub, genişzolaqlı internet xidmətlərinin tətbiqinə başlanılıb.
Dövlət proqramlarının icrasının konkret nəticələr verdiyini qeyd edən nazir bu gün regionların müasir infrastruktur və inkişaf tempinə görə bəzi sahələr üzrə paytaxtı qabaqladığını vurğulayıb. Qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları çərçivəsində rabitə sahəsində də mühüm işlər görülüb. Son texnologiyalara əsaslanan müasir telekommunikasiya, genişzolaqlı internet xidmətlərinin, tele-radio yayımının coğrafiyası regionlara doğru genişlənib.
Astarada rabitə və yüksək texnologiyalar sahəsində görülən işlərə toxunan nazir R.Quluzadə rayon üzrə telefon şəbəkəsinin tutumunun artırıldığını, genişzolaqlı internetin şəbəkəsi və teleradio yayımı sahəsində olan problemlərin həlli istiqamətində işlərin ardıcıl davam etdirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, yaxın iki ildə Astara rayonunun telefon şəbəkəsi üzrə 9500 nömrənin və 8000-ə yaxın genişzolaqlı xidmət avadanlığının istismara verilməsi, 3760 nömrə tutumlu yeni ATS-lərin quraşdırılması və 300 kilometrə yaxın yeni optik kabellərin çəkilməsi nəzərdə tutulur.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov vurğulayıb ki, Azərbaycan Prezidentinin anti-böhran tədbirləri ilə bağlı imzaladığı sərəncamlar qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açır. Astarada da telekommunikasiya sahəsində də müəyyən işlərin görüldüyünü vurğulayan R.Mahmudov rayonun ucqar dağ kəndlərində və yeni salınmış yaşayış məntəqələrində kommunikasiya, o cümlədən poçt və rabitə xidmətinin yaxşılaşdırılması istiqamətlərində təkliflərini diqqətə çatdırıb.
Rayon ictimaiyyətinin nümayəndələri də rabitə və kommunikasiya sahəsi ilə bağlı təkliflərini səsləndiriblər.
Görüş başa çatdıqdan sonra nazir R.Quluzadə rayon sakinlərinin üzləşdikləri problemlərlə yerində tanış olub və aidiyyətı üzrə müvafiq tapşırıqlar verib.
www.mincom.gov.az