Analoq və rəqəmli radio yayımı

06.11.1926-cı ildə Bakı şəhərində (Gənclik adlanan ərazidə) 1 nömrəli radiostansiya qurularaq istismara verilmişdir. Nəticədə 1,2 kVt-lıq (naqilli) verici vasitəsi ilə Respublikada ilk dəfə 891 kHs tezlikdə radioproqram efirdə yayımlanmışdır. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik olmuşdur.

Sonradan 1936-cı ildə 35 kVt-lıq radio verici vasitəsi ilə “Respublika” radio proqramı, 1970-cı ildə isə 20 kVt-lıq radio verici vasitəsi ilə “Araz” radioproqramı orta dalğada yayıma başlamışdır. 1969-cu ildən bu radio proqramlar “stereo” yayıma keçirilmişdir. SSRİ dövründə radiostansiya ərazisində müxtəlif tipli orta və qısa dalğa diapazonunda işləyən güclü radiovericilər vasitəsi ilə xaricə yayım həyata keçirilmişdir. Müstəqillik dövründən isə 891 kHs tezlikdə SRV-30, 702 kHs tezlikdə SRV-20, 1530 kHs tezlikdə SRV-7 radiovericiləri vasitəsi ilə “Respublika” və “İctimai” radioproqramları yayımlanmışdır.

Polad bloklardan yığılmış 180 m.-lik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulmuş və 14.02.1956-cı il tarixində ilk dəfə 5 kVt (UHF diapazonda) TV vericisi vasitəsi ilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxmışdır.

1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsi ilə Respublika stadionunda canlı yayım həyata keçirilmişdir.

1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçirilmişdir.

1996-cı ildə 310 m.-lik Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsi ilə AzTV1 proqramı 5 kVt-lıq TV verici vasitəsi ilə VHF diapazonunda, 2001-ci ildən isə 5 kVt-lıq TV verici vasitəsi ilə UHF diapazonunda yayımlanmağa başlamışdır.

İlk dəfə 1997-ci ildən I Respublika və Araz  radioproqramlarının Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanmışdır.

Hazırda ölkə ərazisində FM tezlik diapazonunda aşağıdakı radio proqramların yayımı həyata keçirilir.

Dövlət radio proqramları: Azərbaycan radiosu.

İctimai radio: İctimai radio.

Özəl radio proqramları: “Araz FM”, “Space FM”, “Lider (Jazz) FM”, “Fərqli radio”, Anten FM, 106 FM, “Azad Azərbaycan” FM, “Xəzər FM”, “Media FM”, “Avto radio” FM, “Asan” FM.

Ümumrespublika FM radio proqramları ölkənin əksər ərazilərində yayımlanır və tələbata uyğun radio proqramlarının əhatə dairəsi genişləndirilir.

Hazırda “Azərbaycan” radiosu ölkə ərazisinin 99,0 %-ni, “İctimai” radio 93 %-ni, “Araz FM” 88 %-ni, Anten FM 80 %-ni, “Asan” FM 78 %-ni, “Media FM” 76 %-ni,“Fərqli” radio 75 %-ni, “Azad Azərbaycan” FM 70 %-ni, “Xəzər FM” 65 %-ni,“Space FM” 45 %-ni, “Avto radio” FM 40 %-ni, 106 FM 35 %-ni, “Lider (Jazz) FM” 30 %-ni əhatə edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən 2019-cu il üzrə yerinə yetiriləcək işlərə dair Tədbirlər Planının icrasına uyğun olaraq və Milli Televiziya və Radio Şurasının (MTRŞ) 08.05.2019-cu il tarixli, 145/G nömrəli icazə məktubu əsasında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio” İB) tərəfindən 26.08.2019-cu il tarixindən etibarən, Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində (tezlik diapazonu: 174 ÷ 230 MHs) bir paketdə 12 radio proqramın DAB+ standartlı rəqəmli (stereo) yayımına başlanılmışdır.

Rəqəmli radionun tətbiqi məqsədilə, Bakı Teleqüllə Kompleksində İtaliya şirkətlərinin istehsalı olan baş stansiya avadanlıqları (İTEL şirkəti), 1 kVt-lıq rəqəmli radioverici və 264÷280 m. səviyyəsi arasında 1×6 konfiqurasiyalı anten sistemi (SYES şirkəti) quraşdırılıb istismara verilmişdir.

Rəqəmli radio yayımı radiotezlik spektrindən daha səmərəli istifadəyə, radiosiqnalın daha inamlı qəbuluna, bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürülə bilməsinə imkan verir. Həmçinin tək tezlikli şəbəkə (SFN) rejimində yayım üstünlüyünə malikdir.

“Teleradio” İB-nin müraciəti əsasında, Cenevrədəki Avropa Yayım Birliyində fəaliyyət göstərən “WorldDAB Forumu”nun məlumat bazasında və https://www.worlddab.org rəsmi internet informasiya ehtiyatında Azərbaycanda DAB+ standartlı rəqəmli radio yayımına başlanılmasına dair məlumatlar yerləşdirilmişdir. Belə ki, Avropanın aparıcı dövlətlərinin də yer aldığı və cəmi 26 ölkənin adı olduğu siyahıya Azərbaycanın da adı daxil edilmişdir.