Rabitə və yüksək texnologiyalar naziri Mingəçevirdə vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Aprelin 7-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir şəhərində vətəndaşlarla regional görüşündən öncə Tərtər və Goranboy rayonlarına baş çəkib. Nazir rayon ATS və Poçt şöbələrinin əməkdaşları ilə görüşüb və iş fəaliyyəti ilə tanış olub. Mövcud vəziyyətlə tanış olan nazir rabitəçilərə gücləndirilmiş iş rejimində işləmələri, ayıq-sayıq olmaları üçün tapşırıq və tövsiyələrini verib və qeyd edib ki, cəbhə bölgəsində olan ATS və Poçt şöbələrinin təchizatının yüksək səviyyədə təmin olunması üçün  hər cür köməklik göstəriləcək.

Daha sonra Mingəçevirdəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar, Kürdəmir rayonlarından olan vətəndaşlarla görüş keçirilib.

Qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərin əksəriyyəti yerində həllini tapıb və digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Sonra nazir Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı görüş keçirib. Görüşdə bildirilib ki,  Mingəçevir Yüksək Texnologiyalar Parkının potensial rezidentlərinin gələcəkdə istehsal edəcəkləri məhsulların rəqabətqabiliyyətli və ixracyönümlü olması məqsədi ilə bütün lazımi işlər görülür.

Daha sonra nazirliyin qərarı ilə regionlarda ilk dəfə olaraq Mingəçevir Dövlət Universitetində yaradılmış Biznes İnkubator Mərkəzinin açılışı olub.

Biznes inkubatorda formalaşacaq startaplar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilati və maddi  dəstəyindən yararlanacaqlar.

Regionda  intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılan mərkəz gənclərin innovativ ideyalarının kommersiyalaşdırılması, gənclərdə innovativ sahibkarlıq bacarıqlarının formalaşması, yeni-yeni biznes ideyalarının ortaya çıxmasına şərait yaradacaqdır.

 

www.mincom.gov.az