Rəqəmli radionun test yayımına başlanılıb

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 2019-cu il üzrə yerinə yetiriləcək işlərə dair Tədbirlər Planının icrasına uyğun olaraq, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Belə ki, Bakı Teleqüllə Kompleksində İtaliyanın İTEL şirkətinin baş stansiya avadanlıqları və İtaliyanın SYES şirkətinin istehsalı olan 1 kVt-lıq rəqəmli radio verici və 1×6 konfiqurasiyalı anten sistemi quraşdırılmaqla, Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli test yayımı təmin olunub.
Rəqəmli radio stereo formatda yayımlanır və bu baxımdan, FM analoq radio yayımından daha keyfiyyətlidir. Eyni zamanda, rəqəmli televiziya yayımında olduğu kimi, DAB+ texnologiyalı radio yayımında da, radio proqramlar bir paketdə yayımlanmaqla, bir tezlikdə qəbulu mümkündür. Bu da, yayım avadanlıqlarının enerji sərfiyyatına qənaət, daha asan və keyfiyyətli siqnal qəbulu deməkdir.
Qeyd edirik ki, 1988-ci ildə radio yayımının analoq rejimdən rəqəmli rejimə keçirilməsi üçün standartların hazırlanmasına başlanılıb və 1990-cı ildən ABŞ-da, Kanadada və bir sıra Avropa ölkələrində sınaq yayımları həyata keçirilmişdir. Sınaqların nəticəsi olaraq, WARC-92-də DAB (Digital Audio Broadcasting) standartı qəbul edilmişdir.
1995-ci ildən Norveçdə, 1996-cı ildən İsveçdə və Böyük Britaniyada, 1997-ci ildən Almaniyada, 2013-cü ildən isə Polşada rəqəmli radio yayımlanır.
Dünyada ilk dəfə, 2017-ci ilin dekabr ayında Norveçdə dövlət radio proqramlarının DAB+ texnologiyalı rəqəmli radio yayımına keçidi başa çatdırılmışdır.