Bu gün hər bir gənc alim üçün böyük örnək olan, dünyada tanınan və Azərbaycanda sevilən görkəmli azərbaycanlı alim Lütfi Zadənin 95 yaşı tamam olur.
Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına xidmət edir. Bütün dünyada, xüsusilə vətənində – Azərbaycanda L.Zadəyə böyük diqqət göstərilir, önəm verilir.
2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Dünya elmi üçün gördüyü işlər sayəsində onun adı İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir. Alman alimi Maks Plankdan sonra dünyada hələ sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəzi olan ikinci alim məhz Lütfi Zadədir.
Müəllifi və yaradıcısı olduğu 6 mühüm nəzəriyyə dünya elminə inanılmaz töhfələr bəxş edib. Sevindirici haldır ki, onun dünya elminə ərməğan etdiyi qeyri-səlis məntiq nəzəriyyəsi elm ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, ən yüksək və ali mükafatlara layiq görülür.
Bu gün onun müəllifi olduğu nəzəriyyələr sayəsində milyardlar qazanan böyük dövlətlər və şirkətlər də onu müxtəlif mükafatlar və fəxri adlarla təltif ediblər. Bu adların içərisində O, bütün soydaşlarımızın qəlbini qürur hissi ilə dolduran daha bir ada sahibdir – AZƏRBAYCANLI.
www.ictnews.az