“Bakutel-2015” sərgi-konfransı çərçivəsində yüksək texnologiyalar üzrə III “Belarus-Azərbaycan İKT Forumu” keçiriləcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarus Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.
Ölkələr arasında səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin əməkdaşlığın bütün istiqamətlərinə, o cümlədən rabitə və yüksək texnologiyalar  sahəsinə də dərindən nüfuz etdiyini deyən nazir Əli Abbasov bu əlaqələrin inkişafında hər iki tərəfin yaxından iştirak etdiyini nəzərə çatdırıb.
Nazir İKT, rabitə və yüksək texnologiyalar arasında mövcud fəaliyyətin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, bu sahədə gələcək əməkdaşlığa dair maraq göstərilən sahələrdən söz açıb.
Gennadi Axramoviçin səfir postuna təyinatı ilə bağlı təbriklərini də çatdıran nazir yeni diplomatın qarşıdakı fəaliyyəti dövründə ölkələr arasında dinamik inkişafa töhfə verəcəyinə əminliyini vurğulayıb.
Xalqlarımızı birləşdirən ortaq maraq və dəyərlərdən söz açan səfir də bu münasibətlərin qorunub saxlanılmasını hər iki tərəfin böyük iradəsinin nəticəsi kimi dəyərləndirib.
Diplomat gələcək fəaliyyəti çərçivəsində İKT, rabitə və yüksək texnologiyalar sahəsində yeni əməkdaşlıq formalarının müəyyənləşdirilməsi, genişləndirilməsi və inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə “Bakutel-2015” sərgi-konfransında milli stendlə çıxış edəcək Belarusun 15-ə yaxın şirkətlə təmsil olunacağı, həmçinin sərgi çərçivəsində yüksək texnologiyalar üzrə III “Belarus-Azərbaycan İKT Forumu”nun keçiriləcəyi də qeyd olunub.

www.mincom.gov.az