Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 25 il ötür

Bu gün Bakı Teleqüllə Kompleksinin layihələndirilməsindən 40, istismara verilməsindən 25 il ötür. 1956-cı ildə istismara verilmiş 180 metrlik ilk Televiziya qülləsi polad bloklardan yığılmışdı. Yeni texnoloji tələblərə cavab vermədiyi üçün müasir əsaslarla keyfiyyətli radio-televiziya yayımlarının təşkil edilməsinə zərurət yaranmışdı. Bundan irəli gələrək SSRİ-nin Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən Bakı Teleqüllə Kompleksi layihələndirilmiş və 1981-ci ildə onun tikintisinə başlanılmışdır. Bu unikal tikili layihələndirilərkən, Bakının qədimliyini və klassik üslubunu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşdirmək əsas hədəflərdən biri olmuşdur. Nəticədə Bakı Teleqüllə Kompleksinin üzərində dörd ədəd milli ornamentli şəbəkə yerləşdirilmişdir ki, şimal, cənub, qərb və şərq olmaqla, onların hər biri bir cəhətə istiqamətlənir.

Layihəyə əsasən, tikinti işləri 1985-ci ildə başa çatdırılmalı və Bakı Teleqüllə Kompleksi istismara verilməli idi. Lakin 80-ci illərdə SSRİ-ni əhatə edən maliyyə böhranı və sonda SSRİ-nin dağılması, maliyyə çatışmazlığı, tikinti zamanı iqlim şəraitinin nəzərə alınmaması və digər müxtəlif səbəblərdən tikinti işləri yarımçıq qalır. Sonradan ümummilli lider Heydər Əliyev yarımçıq qalmış tikintinin başa çatdırılması üçün müvafiq göstərişlər verir. Onun iştirakı ilə 06 iyul 1996-cı ildə Bakı Teleqüllə Kompleksi istifadəyə verilir. Beləliklə, tikinti işlərinin aparılması ümumilikdə 16 il çəkir. 06.07.2021-ci il tarixində Bakı Teleqüllə Kompleksinin istismara verilməsinin 25 ili tamam olur.

Bakı Teleqüllə Kompleksi şəhərin hündür hissəsində inşa edilib. Bu da vizual görüntü ilə yanaşı, paytaxtın istənilən ərazisində və relyefdən asılı olaraq Bakı ətrafında 70-80 km radiusda radiodalğaların qəbuluna imkan verir.

Bakı Teleqüllə Kompleksi Azərbaycanda ən hündür tikilidir və dünyada olan teleqüllələr arasında hündürlüyünə görə 34-cü yerdədir. Konstruktiv göstəricilərinə görə Bakı Teleqüllə Kompleksinin bənzəri Litvanın paytaxtı Vilnüsdə mövcuddur. Hər iki tikinti eyni layihə institutunda, eyni baş arxitektor tərəfindən hazırlanmışdır.

Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli, 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Bakı Teleqüllə Kompleksi də daxil edilmişdir.

Bakı Teleqüllə Kompleksinin memarlıq və texniki göstəriciləri:

  • Tikinti sahəsi daxil olmaqla, ərazisi 6 hektardır (Bakı Teleqüllə Kompleksi – 2240 m2, “Teleradio” İB-nin inzibati binası – 1620 m2);
  • İnşasında təxminən 15 podratçı şirkət, 250 nəfərə yaxın işçi heyət iştirak edib;
  • Bünövrəsi 30.75 metrdir;
  • Hündürlüyü 310 metrdir (200 m. dəmir-beton hissə, 110 m. metal hissə);
  • Çəkisi 40.000 tondur;
  • Dəniz səviyyəsindən hündürlüyü 136 metrdir;
  • Qüllənin estetik gözəlliyinin artırılması məqsədilə, layihədə aşağı tikilinin şimal fasadı tərəfdə dayaq sütunları nəzərdə tutulmayıb və 6 metrlik asma beton hissəsi layihələndirilib;
  • -23 m. səviyyədə piyada tuneli yerləşir. Tunel hissəsinin diametri 6 m., uzunluğu 85,7 metrdir. Tunel iki hissəyə bölünüb. Birinci üst hissə piyadalar üçün, ikinci alt hissə isə kommunikasiya kabelləri üçün nəzərdə tutulmuşdur;
  • FM radio proqramlarının sayı – 14;
  • DVB-T/T2 standartlı rəqəmli TV proqramların sayı – 150-yə yaxın;
  • İPTV proqramların sayı – 250-yə yaxın;
  • “AzerSpace-1” peykinə qaldırılan TV proqramların sayı – 15;
  • “AzerSpace-1” peykinə qaldırılan radio proqramların sayı – 11;
  • HD formatda yayımlanan TV proqramların sayı – 30-a yaxın;
  • DAB+ standartlı rəqəmli radio yayımı bir paketdə 12 radio proqramı.

Bakı Teleqüllə Kompleksi ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik radio rabitənin, yerüstü radio rabitənin təşkilində önəmli vəzifəni yerinə yetirir.

06.07.2021