Azərbaycanda televiziyanın yaranmasından 66 il ötür

14 fevral Azərbaycanda televiziya yayımına başlanıldığı gündür. Belə ki, Şərqdə ilk televiziya yayımı 1956-cı ilin bu günündə məhz ölkəmizdə həyata keçirilib.

1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi ölkənin əsas yayım mərkəzidir. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və xarici ölkələrin yüzlərlə televiziya proqramı müxtəlif standart və formatlarda yayımlanır.

Bakı Teleqüllə Kompleksi bir sıra tarixi əhəmiyyətli texniki uğurlara imza atıb. Belə ki, televiziyanın peykdən yayımını təmin etmək üçün beynəlxalq rəqəmsal MPEG-2 standartı qəbul edildikdən bir neçə ay sonra Kompleksin ərazisində “Türksat” peykinə işləyən yerüstü stansiya istifadəyə verilib və beləliklə, Avropada ilk dəfə rəqəmsal peyk TV yayımı Azərbaycanda həyata keçirilib. Hadisə dünya mediasında rezonans doğurub və xüsusilə Avropada böyük diqqət cəlb edib. Yerüstü stansiyanı quraşdıran Böyük Britaniyanın “Multipoint” şirkəti bu haqda London mətbuatında press-reliz dərc etdikdən sonra, BBC kimi nəhəng radio-televiziya korporasiyası daxil olmaqla, bir çox xarici şirkət bu təcrübə ilə maraqlanıb və bu sahədə ən yeni texnologiyanın ilk dəfə Azərbaycanda tətbiq edilməsinə təəccüblərini gizlətməyiblər. Yalnız ötən əsrin 90-cı illərinin sonundan başlayaraq peykdən rəqəmsal yayımın bütün dünyada geniş tətbiqinə başlanılıb.

Bundan başqa, 2004-cü ildə Zaqafqaziyada ilk dəfə yerüstü rəqəmsal televiziya yayımı da Bakı Teleqüllə Kompleksi üzərindən həyata keçirilib.

Ötən 66 il ərzində ölkənin bütün bölgələrində Radio-Televiziya Yayım Stansiyaları (RTYS) qurulub. Hazırda həmin stansiyaların sayı 133-dür.

RTYS-lərdə istismar olunan 112 rəqəmsal TV verici vasitəsilə ölkədə əhali yaşayan ərazilərin 99,8 faizi sosial rəqəmsal televiziya yayımı ilə təmin olunur.

Eyni zamanda, ölkə ərazisində radio yayım şəbəkəsi istismar olunur və şəbəkədə olan radioların əhatə dairəsi getdikcə daha da genişləndirilir.

Televiziya siqnallarının daha asan qəbulu, eyni zamanda tezlik resursuna qənaət edilməsi məqsədilə 2018-ci ildə Bakı şəhərində “tək tezlikli” rəqəmsal televiziya yayım şəbəkəsi qurulub. Nəticədə fərqli ərazilərdə eyni tezlikdə siqnal qəbulu mümkün olub. “Tək tezlikli” şəbəkənin genişləndirilməsi işləri davam etdirilir.

Radio yayımında rəqəmsal texnologiyaların tətbiqi məqsədilə 2019-cu il avqustun 26-dan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində (tezlik diapazonu: 174 ÷ 230 MHs) bir paketdə 12 radio proqramının DAB+ rəqəmsal yayımına başlanılıb.

Ermənistan işğalından azad olunmuş ərazilərdə də televiziya və radio yayım şəbəkəsinin qurulması işləri aparılır.

İlkin olaraq, 2020-ci il dekabrın 31-də Şuşa RTYS-dən 10 televiziya və 2 radio proqramının Şuşa şəhərində, eyni zamanda ətraf rayon və şəhərlərin ərazisində yayımı təmin olunub. Ötən dövr ərzində radio proqramlarının sayı 4-ə çatdırılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2021-ci il tarixli Sərəncamı əsasında Şuşa RTYS tikilərək istismara verildikdən sonra daha çox radio-televiziya proqramının yayımlanması mümkün olacaq.

2021-ci ilin oktyabr ayında Zəngilan rayonunda yerləşən Mincivan, Qubadlı rayonunda yerləşən Xanlıq və Balasoltanlı RTYS-lərin müvəqqəti bərpası təmin olunub.

Hazırda Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Şahyeri RTYS-in təmir-bərpa işləri aparılır.

Azərbaycanda radio-televiziya yayım şəbəkəsinin ən yeni texnologiyalar əsasında fasiləsiz və keyfiyyətli istismarı istiqamətində “Teleradio” İB mütəmadi tədbirlər görür.

TV proqramlarının təsvir keyfiyyətinin yüksəldilməsi məqsədilə 2022-ci il yanvarın 28-dən “Azerspace-1” peyki üzərindən yayımlanan Azərbaycan televiziya kanalları HD formatda rəqəmsal yayıma keçirilib.

14.02.2022