Bu gün Azərbaycanda televiziyanın yarandığı gündür. Belə ki, Şərqdə ilk televiziya 1956-cı ilin 14 fevral tarixində məhz ölkəmizdə fəaliyyətə başlayıb.
1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsi ilə Respublika stadionunda canlı yayım həyata keçirilib. 1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid olub.
Ötən 64 il ərzində Azərbaycanda həm texniki bazanın, həm də kadr bazasının yaradılması sayəsində ölkənin bütün bölgələrində radio-televiziya yayım stansiyaları qurulub. Hazırda həmin stansiyaların sayı 126-dır və hər bir stansiya ən müasir maddi-texniki baza ilə təchiz olunub.
Təmirə ehtiyacı olan yayım avadanlıqlarının istehsalçı şirkətlərə göndərilməməsi üçün “Teleradio” İB daxilində ixtisaslaşmış istehsalat laboratoriyası yaradılmışdır. Nəticədə, “Teleradio” İB tərəfindən istismar olunan istənilən növ yayım vasitəsinin daxili laboratoriyada təmiri mümkündür. Hətta, sifariş əsasında televiziya şirkətlərinin bir çox radio-televiziya avadanlıqlarının da təmiri həmin laboratoriyada aparılması mümkündür.
2016-cı ildə ölkə ərazisində analoq yayımların dayandırılması ilə rəqəmli televiziya yayımına tam keçid təmin olunub. Hazırda, radio-televiziya yayım stansiyalarında istismar olunan 106 rəqəmli TV verici vasitəsi ilə ölkədə əhali yaşayan ərazilərin 99,75 faizi sosial rəqəmli televiziya yayımı ilə təmin olunur.
Dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün ölkə üzrə ümumi uzunluğu 1748,7 km olan radio-rele xətt şəbəkəsi qurulub ki, onun da 969,7 km-i rəqəmliyə rekonstruksiya olunub. Növbəti 5 ildə daha 779 km uzunluğunda analoq radio-rele xəttinin rəqəmliyə rekonstruksiyası planlaşdırılır.
1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi ölkənin əsas yayım mərkəzidir. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsi ilə yerli və xarici ölkələrin yüzlərlə televiziya proqramları müxtəlif standart və formatlarda yayımlanır. Kompleks bir sıra tarixi əhəmiyyətli texniki uğurlara imza atmışdır. Belə ki, televiziyanın peykdən yayımını təmin etmək üçün beynəlxalq rəqəmli MPEG-2 standartı qəbul edildikdən cəmi bir neçə ay sonra, Bakı Teleqüllə Kompleksi ərazisində “Türksat” peykinə işləyən yerüstü stansiya istifadəyə verildi və beləliklə, Avropada ilk dəfə rəqəmli peyk TV yayımı Azərbaycanda həyata keçirilmiş oldu. Dünya mediasında tirajlanan və xüsusilə Avropada böyük marağa səbəb olan bu hadisə ilə bağlı yerüstü stansiyanı quraşdıran, İngiltərənin “Multipoint” şirkəti bu haqda London mətbuatında press-reliz dərc etdikdən sonra, hətta BBC kimi nəhəng radio-TV korporasiyası daxil olmaqla, bir çox xarici şirkətlər bu təcrübə ilə maraqlanaraq, bu cür ən yeni texnologiyanın hansı səbəbdən ilk dəfə Azərbaycanda tətbiq edilməsindən təəccüblərini gizlətmirdilər. Yalnız 90-cı illərin sonundan başlayaraq peykdən rəqəmli yayımın bütün dünyada geniş tətbiq edilməsinə başlanıldı.
Bundan başqa, 2004-cü ildə Zaqafqaziyada ilk dəfə yerüstü rəqəmli televiziya yayımı da, Bakı Teleqüllə Kompleksi üzərindən həyata keçirilmişdir.
Əvvəlki illərdə bütün ölkə ərazisində televiziya yayım şəbəkəsinin qurulması əsas hədəf idisə, indi artıq həmin şəbəyə ehtiyatın yaradılması işləri başlanılıb və bu günədək 34 ehtiyat rəqəmli TV verici quraşdırılmışdır. Yaxın zamanlarda tam ehtiyat şəbəkənin qurulması başa çatdırılacaqdır.
Artıq, “tək tezlikli” şəbəkənin yaradılması işlərinə də başlanılıb. Belə ki, televiziya siqnallarının daha asan qəbulu, eyni zamanda tezlik resursuna qənaət edilməsi məqsədilə, 2018-ci ildə Bakı şəhərində “tək tezlikli” rəqəmli televiziya yayım şəbəkəsi qurulmuşdur. Nəticədə, fərqli ərazilərdə eyni tezlikdə siqnal qəbulu mümkün olmuşdur.
Hazırda “Teleradio” İB tərəfindən DVB-S/S2 standartlı rəqəmli peyk yayımı, radio-rele avadanlıqlarının istismarı, DVB-T/T2 standartlı yerüstü rəqəmli televiziya yayımı, İPTV xidməti və HD formatlı televiziya yayımı həyata keçirilir.