Tariximiz

Müstəqillik dövründə Azərbaycanda radio-televiziya yayım şəbəkəsinin inkişafı

 

Respublikamızda radio-televiziya yayım şəbəkəsinin inkişafı ağır, keşməkeşli, lakin şərəfli bir yol keçmişdir. Hələ keçən əsrin 20-ci illərində keçmiş Sovetlər Birliyində birincilər sırasında radiorabitə və radio yayımın tətbiqinə başlanılmış, barmaqla sayıla bilən milli kadrların bilavasitə köməyi ilə 50-ci illərin ortasında televiziya yayım şəbəkəsinin özülü qoyulmuşdur. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması ilə Respublikada radio-televiziya yayım şəbəkəsinin genişlənməsi daha da vüsət almışdır. O vaxtki Respublika rəhbərliyinin bilavasitə qayğısı sayəsində ayrılıqda fəaliyyət göstərən Respublika Televiziya Mərkəzi və Radio Mərkəzinin mütəxəssislərinin fədakar əməyi nəticəsində artıq keçən əsrin 80-cı illərinin ortalarında bir neçə radio və televiziya proqramının Respublikanın 90-95% əhalisi yaşayan yaşayış məntəqələrində yayımı təmin edilmişdir. 1988-ci ildən başlayaraq keçmiş SSRİ-nin dağılması istiqamətində baş verən hadisələr təəssüf ki, Respublikada radio-televiziya yayım şəbəkəsinin inkişafını ləngitdi və şəbəkənin tənəzzülünə və qismən dağılmasına gətirib çıxardı. 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması ilə radio-televiziya yayım şəbəkəsinin keçmiş Sovetlər Birliyinin mərkəzləşdirilmiş şəbəkəsindən ayrılması, tənəzzülün dayandırılması və şəbəkənin müstəqil inkişafı üçün tədbirlər görülməyə başlanıldı. Lakin, o vaxtlar bu işlər çox ləng davam edirdi. Belə ki, mövcud radio-TV vericilərinin mənəvi və fiziki cəhətdən köhnə olması, lampalı vericilərin əksəriyyət təşkil etməsi, iqtisadi əlaqələrin dağılması ilə ehtiyat hissələrinin əldə edilməsində çətinliklərin olması, eləcə də Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Respublikanın bəzi bölgələrində yayım keyfiyyətinin və əhatəsinin aşağı düşməsinə, hətta Naxçıvan MR-də və bir sıra bölgələrdə yayımın kəsilməsinə gətirib çıxardı. 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıtması Respublikada digər sahələrdə olduğu kimi radio-televiziya yayım şəbəkəsində bərpa və inkişaf tədbirlərinin görülməsinə təkan verdi. Keçmiş Rabitə Nazirliyinin tabeçiliyində olan Radio-Mərkəzi və Respublika Televiziya Ötürücü Mərkəzinin bazasında yaradılmış “Teleradio” İB-nin mütəxəssisləri tərəfindən mövcud avadanlıqların texniki parametrlərinin bərpası, Rusiya və Çexiya istehsalı olan avadanlıqların tədricən daha müasir avropa ölkələrinin istehsalı olan avadanlıqlara dəyişdirilməsi işləri həyata keçirildi. Respublikada 1992-1993-cü illərdən başlayaraq Türkiyənin TRT TV proqramının, sonralar isə TGRT proqramlarının yayımı təşkil edildi. ANS, BMTİ kimi özəl TV kanallar, eləcə də Milli Televiziyanın 2-ci proqramı olan AzTV2 fəaliyyətə başladı. Məhz bu dövrdən başlayaraq ölkə rəhbərliyinin bilavasitə qayğısı nəticəsində “Teleradio” İB-nin mütəxəssisləri tərəfindən radio-TV yayımının inkişafı üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı. 1996-cı ildə Bakıda Yeni Teleqüllədə yerüstü peyk stansiyası qurulmaqla, ilk dəfə Azərbaycan Televiziyasının Türksat peykindən rəqəmli rejimdə yayımına başlanıldı ki, bu da nəinki Respublikamızda, eləcə də Türkiyə, Qafqaz, Orta Asiya və Yaxın Şərqdə Milli Televiziyanın fərdi qəbuluna imkan yaratdı.

– Bakı şəhərində tikintisi 1981-ci ildə başlanılmış, lakin, sonradan dayandırılmış unikal bir obyektin Yeni Teleqüllə Kompleksinin 1996-cı ildə istismara verilməsi ilə Bakıda yayımlanan proqramların sayı və keyfiyyət yüksəldildi.

– Respublika şəbəkəsində desimetrlik diapazona keçirilməklə, bir neçə yeni vericinin istismara verilməsi təmin edildi.

– 1997-ci ildə Bakı şəhərində radio proqramlarının ənənəvi uzun, orta və qısa dalğalarda yayımı ilə yanaşı Azərbaycanda ilk dəfə olaraq, FM diapazonunda yayım təşkil edildi.

– 1997-2000-ci illərdə dövlət radio-TV proqramları ilə yanaşı ANS, Space TV, Lider TV kimi özəl kanallar, eləcə də Türkiyənin NTV, STV, Kanal D TV proqramları, France Radio, Radio Rossiya , Bürc FM radio proqramlarının yayımı təşkil olundu.

– 1998-2005-ci illərdə “Teleradio” İB-nin mütəxəssisləri tərəfindən mövcud radio-televiziya yayım şəbəkəsinin rekonstruksiyası və genişləndirilməsi işləri davam etdirilmişdir. Belə ki, AzTV proqramını yayımlayan Bakı, Naxçıvan, Ordubad, İmişli, Gəncə, Lerik, İvanovka, Danaçı RTVS-lərdəki mənəvi və fiziki cəhətdən köhnəlmiş 5 kVt-lıq güclü TV vericilər daha müasir tranzistorlu desimetrlik TV vericiləri ilə əvəz edilmişdir.

– 30-dan yuxarı orta güclü (100-500 Vt) müasir TV vericiləri quraşdırılmaqla, lampalı vericilər istismardan çıxarılmış; – 200-dən yuxarı kiçik güclü yeni TV vericiləri (2-15 Vt) alınaraq, TV qəbulu olmayan yaşayış məntəqələrində AzTV proqramının yayımı üçün istismara verilmişdir.

– Efir qəbulu ilə işləyən televiziya retranslyatorları tamamilə peykdən qəbula keçirilmişdir.

– Respublika və Araz Radio proqramlarının regionlarda yayımı üçüm 20 ədəd müxtəlif güclü (250 VT, 1,5 kVt) FM vericiləri alınaraq, “Teleradio” İB-yə məxsus radio-TV stansiyalarında istismara verilmişdir.
– AzTV, Respublika və Araz radio proqramlarının qəbulu üçün 350-dən yuxarı peyk qəbul stansiyası alınaraq, R/TV stansiyalarında quraşdırılıb istismara verilmişdir.

– 2003-cü ildə ilk dəfə radio-TV proqramlarının lifli-optik kabel vasitəsilə ötürülməsi tətbiq edilmiş, “Teleradio” Verilişləri şirkəti ilə Yeni Teleqüllə arasında uzunluğu 2,5 km olan lifli-optik radio-TV ötürücü xətti istifadəyə verilmişdir.

– 2003-cü ildə AzTV proqramının peykdən Avropaya yayımının təmin edilməsi üçün SESAT 360 peykinə işləyən yerüstü TV ötürücü peyk stansiyası Yeni Teleqüllədə istismara verilmiş və AzTV proqramının alternativ peykdən yayımı təşkil edilmişdir.

– Bakı və Abşeron yarımadasında AzTV1 və AzTV2 proqramlarının yayım keyfiyyətinin yaxşılaşdırılması üçün Yeni Teleqüllənin 310 metr səviyyəsində gücü 20 kVt olan unikal antena sistemi layihələndirilmiş və alınaraq, istismara verilmişdir.

– 2004-cü ildə ilk dəfə olaraq regionlarda Respublika və Araz proqramlarının peykdən ötürülməklə stereo yayımı təmin edilmiş və RDS sistemi tətbiq edilmişdir.

– 2003-cü ildə Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Prezident seçilməsi, eləcə öz fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması və hörmətli akademik cənab Əli Abbasovun nazir vəzifəsinə təyin edilməsindən sonra Azərbaycanda radio-televiziya yayım şəbəkəsinin daha intensiv inkişafına və daha müasir texnologiyalarının tətbiqinə bilavasitə zəmin yaratdı.

– 2004-cü ildə  “Teleradio” İB-nin mütəxəssisləri tərəfindən Zaqafqaziyada və Orta Asiyada ilk dəfə olaraq Azərbaycanda rəqəmli yerüstü TV-nin (DVB-T) sınaq yayımına başlanıldı. Bu məqsədlə Bakı şəhərində 300 Vt-lıq rəqəmli TV verici sistemi alınıb quraşdırılaraq istismara verildi və eyni vaxtda bir verici ilə 4 TV proqramının yüksək keyfiyyətlə yayımı təşkil olundu.  Respublikada kiçik güclü TV stansiyaların daha güclü TV stansiyaları ilə əvəz edilməsi işləri aparılmaqla, Respublikada gücünə və yayım əhatəsinə görə analoqu olmayan müasir tələblərə tam cavab verən Gülüstan RTYS (Ağsu rayonunda) istismara verilmişdir. “Teleradio” İB-nin mütəxəssisləri tərəfindən nəinki Respublika ərazisində, eləcə də qonşu Gürcüstan və Dağıstan ərazisində Azərbaycanlılar yaşayan yaşayış məntəqələrində AzTV proqramının yayımı üçün 20 ədəd müxtəlif güclü TV vericiləri quraşdırılmışdır.  Respublika Prezidentinin İctimai TV və radiosunun yaradılması barədə müvafiq sərəncamına əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bilavasitə rəhbərliyi və qayğısı nəticəsində “Teleradio” İB tərəfindən qısa müddətdə İctimai radio və TV proqramlarının Türksat peykindən ötürülməsi və Respublikanın əhalisinin 99 faizini əhatə etməklə, yayımı təmin edilmişdir.
Respublika Prezidentinin “Regionların inkişafı üzrə” 11.02.2004-cü il Fərmanı, Azərbaycan Respublikasında Rabitə və İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət proqramı “Elektron Azərbaycan”, Cənub bölgəsinin sosial-iqtisadi inkişafı üzrə 14.09.2005-ci il tarixli, 21 saylı sərəncamı, “Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə” 27.02.2006-cıl il tarixli, 1338 saylı sərəncamı və digər göstərişlər Respublikada radio-televiziya yayım şəbəkəsinin beynəlxalq standartlara uyğun qurulması və inkişafı üçün geniş şərait yaratmışdır. 2006-cı ilin əvvəli üçün “Teleradio” İB-yə məxsus radio-televiziya yayım şəbəkəsi 2 ədəd 10 kVt-lıq, 34 ədəd 1,5 kVt-lıq,141 ədəd 0,1-0,5 kV-lıq, 198 ədəd gücü 1-50 Vt-lıq TV vericilərdən, müxtəlif gücdə 10 ədəd orta dalğa və 26 ədəd FM vericilərindən, 2 ədəd Up-Link TV ötürücü stansiyadan, 400-ə yaxın peyk qəbul stansiyasından eləcə də ümumi uzunluğu 1700 km-dan çox olan radio-rele xətlərindən ibarətdir.  Hal-hazırda Respublika ərazisində 10 ədəd ümumrespublika miqyasında yayımlanan TV kanalı, 12 ədəd regional özəl TV kanalı və 12 ədəd radio kanalları müxtəlif əhatə səviyyələri ilə yayımlanır. “Teleradio” İB Respublikada radio-televiziya yayım fəaliyyəti ilə məşğul olan yeganə Dövlət müəssisəsidir. Həmin ildən Birlik yeni “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi” adı ilə fəaliyyət göstərməklə öz tərkibində 3 tabe müəssisəni birləşdirmişdir. Bakı R/TV Yayım Filialı, Mərkəzi R/TV Yayım Filialı və  Gəncə R/TV Yayım Filialı. “Teleradio” İB rəhbərliyi tərəfindən yeni texnologiyaların tətbiqi, kadr hazırlığı məsələləri daim diqqət mərkəzində saxlanılır. Vaxtilə Sovetlər Birliyinin müxtəlif təhsil ocaqlarında təhsil almış mütəxəssislərin, eləcə də Azərbaycan Texniki Universitetinin və Rabitə Kollecinin məzunlarının əksəriyyət təşkil etdiyi kollektivdə tələbat olan işçilərin Texniki Universitetdə, RİTN-nin tədris mərkəzində, Birliyin özündə təşkil olunan ixtisasartırma kurslarında təhsil almaları təmin edilir. Hər il yüzlərlə tələbə Birliyin tabe müəssisələrində praktiki dərslərdə iştirak edirlər. Eyni zamanda Respublika radio TV yayım şəbəkəsinin təşkili və inkişafında böyük xidmətləri olan qocaman mütəxəssislərlə daim görüşlər keçirilir, Birliyin fəaliyyəti üzrə tövsiyələr alınr.  Yüksək əminliklə demək olar ki, yeni texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə Respublikanın mövcud radio-televiziya yayım şəbəkəsində daim inkişaf etdirilməsi üzrə qocaman radio-telerviziya işçilərinin ənənəsi “Teleradio” İB tərəfindən davam etdiriləcək, Müstəqil Azərbaycanın bu sahədə dünyanın aparıcı ölkələri səviyyəsinə çatdırılması üçün bütün lazımi tədbirlər görüləcəkdir.