“Teleradio” İB-də Latviyanın “A-T Trade Music” SIA şirkətinin rəhbəri ilə görüş keçirilib

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (“Teleradio” İB) Latviya Respublikasının “A-T Trade Music” SIA şirkətinin baş direktoru İqor Zlobinlə görüş keçirilib.

Görüş zamanı İqor Zlobin rəhbəri olduğu şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, şirkət, əsasən, teleradio studiyalarına, eləcə də yayıma aid avadanlıqların satışını həyata keçirir və bu istiqamətdə yeni həllər təklif edir. Buna misal olaraq Latviya Respublikasının yayım şəbəkəsində istismar olunan avadanlıqlar göstərilib və onların texniki göstəriciləri barədə danışılıb.

İqor Zlobin həmin yayım avadanlıqlarının Azərbaycanda da tətbiqini təklif edib və şirkətinin “Teleradio” İB ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Müzakirələr zamanı “A-T Trade Music” SIA şirkətinin bir neçə qlobal tərəfdaşı ilə “Teleradio” İB-nin əməkdaşlıq münasibətlərinin mövcud olması məmnunluq doğurub.

Həmçinin Latviya Respublikasının yayım şəbəkəsində sınaq rejimində tətbiq edilən, “A-T Trade Music” SIA şirkətinə məxsus müasir yayım texnologiyalarının Azərbaycanda da sınaqdan keçirilməsinin mümkünlüyü ifadə olunub.

“Teleradio” İB-nin baş direktoru vəzifəsini icra edən Elman Həsənov “Teleradio” İB-nin yayım şəbəkəsində tətbiq oluna biləcək müasir texnoloji həllərlə bağlı hər iki tərəfin texniki heyəti arasında müzakirələrin təşkilini təklif edib.

İqor Zlobin bu təklifi dəstəklədiyini bildirib və əməkdaşlıq istəyinə görə təşəkkür edib.

12.03.2024