“Teleradio” İB-də yeni monitorinq sistemi istifadəyə verilib

“Teleradio” İstehsalat Birliyinin Bakı Teleqüllə Kompleksində yerləşən “Peyk” mərkəzindən “Azerspace-1” peykinə ötürülən TV və radio kanallara nəzarət gücləndirilib. Belə ki, peykə ötürülən siqnalların görüntü və səs keyfiyyətinə 24/7 saatlıq iş rejimində nəzarəti həyata keçirmək üçün peykdən yayımlanan kanalların yeni monitorinq sistemi quraşdırılıb istismara verilib. “Azerspace-1” peykinin 3 transponderinə, 11175,0 MHs tezliyində Azərbaycan paketinə (9 TV və 10 radio proqram), 11135,0 MHs tezliyində (13 TV və 3 radio proqram) və 11095,0 MHs tezliyində yayımlanan xarici paketlərə (11 TV və 7 radio proqram) yeni peyk-monitorinq sistemi vasitəsilə birbaşa nəzarət həyata keçirilir. Qeyd edirik ki, bundan öncə də, peykə ötürülən TV və radio proqramlara 24/7 saatlıq iş rejimində nəzarət olunurdu. Lakin, istifadəyə verilmiş son sistem vasitəsilə, nəzarət daha da təkmilləşdirilmiş və gücləndirilmişdir.