Rəqəmli TV yayımı (DVB-T/T2)

DVB-T dilimizə Yerüstü (Terrestrial) Rəqəmli (Digital) Video (Video) Yayım (Broadcasting) kimi tərcümə olunur. DVB-T (rəqəmli televiziya) standartı aşağıdakı üstünlüklərə malikdir.

– Təsvir və səs siqnallarının ötürülmə və qəbul keyfiyyəti yüksəlir. (ötürülmədə kənar maneələr hiss olunmur, informasiyaların saxlanılmasında itki olmur və s.)

– Proqramların sayının xeyli artırılması imkanı.

– Vericilərin gücünün daha aşağı olması. (DVB-T)

– Mobil və portativ qəbuledicilərlə qəbul imkanı. (DVB-T)

– Tezlik spektrindən effektiv istifadə (1 TV kanalında 10-12 TV proqram).

– Birtezlikli yayımın tətbiq edilmə imkanı. (DVB-T)

– Lokal TV proqramlarının təşkilinin mümkünlüyü (DVB-T)

– TV proqramları ilə yanaşı əlavə xidmətlər üzrə məlumatların ötürülmə imkanı (hava haqqında, nəqliyyatın hərəkət cədvəli, reklamlar və s.)

– Rəqəmli TV yayım şəbəkəsinin interaktivlik imkanı, İnternetlə bağlantı, abunəçi girişi üçün kodlama sisteminin imkanlığı.

– Yayımın kənar maneələrə qarşı davamlı olması, digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimum olması.

– Yerüstü TV yayımın təşkili üçün mövcud infrastrukturdan (TV stansiyalardan, qəbuledici antenalardan, abunəçi avadanlığından və s.) istifadə imkanı.

– Yayım konfiqurasiyasının operativ dəyişdirilmə imkanı  (FEC, Müdafiə zolağı, 8k və 2k rejimləri və s.)

– Bu və ya digər tədbirlərin köməyi ilə ötürülən informasiya 3dəfədən 100 dəfəyədək sıxlaşdırılır.

 

Respublikada DVB-T standartlı rəqəmli televiziya yayımına keçid

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2011-ci il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı  Proqramı”-nın həyata keçirilməsi ilə əlaqədar Respublikada əhali yaşayan ərazilərin ən azı 85 faizini əhatə edəcək 1 paketdən (10-12 proqram) ibarət DVB-T rəqəmli televiziya yayımının təşkilinə dair RİTN-in 22.07.2011-ci il tarixli, 27 saylı Tədbirlər Planının bəndlərinin icrası üzrə rəqəmli şəbəkə ölkə ərazisində 2011-ci ildə qurularaq istismara verilmişdir. Bununla bağlı TELERADİO İB tərəfindən aşağıdakı işlər görülmüşdür:

Bakı–Lerik istiqamətində 140 Mbit/s-lik tutumlu rəqəmli RRX şəbəkəsi istismara verilmişdir. Şirvan–Sabirabad–Kürdəmir–Ağsu analoq magistral RRX xəttinin rekonstruksiyası həyata keçirilmişdir. Şirvan–Sabirabad–Kürdəmir–Ağsu istiqamətində 150 Mbit/s-lik rəqəmli RRX-ya keçid başa çatdırılmışdır. DVB-T yayımı üçün ayrılmış kanallarda “Sosial açıq paketin (10) kanal yayımının təşkili üçün rəqəmli TV vericilərin və əlavə avadanlıqların quraşdırılmasına dair” iş qrafikinə uyğun olaraq nəzərdə tutulan bütün məntəqələrdə yeni vericilərin quraşdırılması təmin olunmuşdur.  Bu günədək, ölkə ərazisində sosial paketi yayımlayan 101 ədəd DVB-T vericisi quraşdırılıb istismara verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə əsasən, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən 27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərar çıxarılmış və icra edilmişdir. Bununla da, ölkə ərazisində analoq TV yayım dayandırılmaqla, DVB-T standartlı rəqəmli TV yayıma keçid tam başa çatdırılmışdır.
Hazırda, ölkə əhalisinin təxminən 99,8%-i açıq paketli 10 – 12 TV proqramdan ibarət (AzTV, İTV, İdman Azərbaycan TV, Mədəniyyət TV, Lider TV, ATV, Space TV, Xəzər TV, ARB TV, CBC sport TV, Real TV və TRT) rəqəmli yayımla əhatə edilmişdir.