İkinci Milli Radio-Televiziya Yayım Stansiyasının texniki binası istismara verilib

Kəlbəcər rayonu ərazisində yerləşən İkinci Milli Radio-Televiziya Yayım Stansiyasının işinin bərpası istiqamətində aparılan işlər çərçivəsində ilkin mərhələdə texniki bina əsaslı təmir edilib və 25 Noyabr – Kəlbəcər Şəhəri Günündə istismara verilib.

İlkin mərhələdə texniki binanın əsaslı təmirindəki məqsəd Kəlbəcər rayonunda qış ayları sərt keçdiyi üçün stansiyadan istifadə edən dövlət qurumlarının avadanlıqlarının işçi temperaturunun norma daxilində saxlanılmasına infrastruktur imkanının yaradılması, stansiyaya elektrik veriliş xəttinin çəkilişi, eləcə də qüllədə təmir işlərinin aparılacağı zaman işçi heyətə şərait yaradılmasıdır.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək 6 Radio-Televiziya Yayım Stansiyasından (RTYS) yayım bərpa edilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası nəticəsində 2026-cı ilədək 13 stansiyanın müvafiq olaraq yenidən qurulması və bərpası nəzərdə tutulur.

25.11.2023