20 dekabr 2018-ci ildə rəqəmsal radio yayımına keçidlə əlaqədar Avropa Elektron Kommunikasiya Kodeksi qüvvəyə minmişdir. Bu Kodeksdə qeyd olunanların Avropa İttifaqı (Aİ) ölkələrində 21 dekabr 2020-ci il tarixinə qədər milli qanunvericilikdə nəzərə alınması qərara alınmışdır. Kodeksə görə Aİ-nin bütün ölkələrində yeni avtomobillərdəki bütün radio qəbuledicilər DAB+ standartlı rəqəmsal radio proqramlarını qəbul etmə imkanına malik olmalıdır. Qeyd olunan qərar bir çox Avropa ölkələrinin qanunvericiliyində nəzərə alınmış və digər ölkələrdə də bu iş aparılır.
Hazırda dünyanın 30-dan çox ölkəsində DAB+ standartında rəqəmsal radio yayımı həyata keçirilir.
Avropa ölkələri ilə yanaşı Tunisdə (75%), Küveytdə (100%), Əlcəzairdə (7%) və s. ölkələrdə də DAB+ radio yayımlanır.
Ukrayna – 2018-ci ildə ilk dəfə Kiyev şəhərində DAB+ radio yayımına başlanılmışdır (14 radio proqram, ölkə üzrə əhalinin 7.14 faizi). Ukraynanın Lvov şəhərində də yaxın vaxtlarda rəqəmsal radio yayımına keçid nəzərdə tutulur.
Rusiya Federasiyası – DAB+ standartı rəqəmsal radio yayım standartı kimi qəbul olunmuşdur. Rusiya Federasiyasının Radiotezliklər üzrə Dövlət Komissiyasının 16 aprel 2018-ci il tarixli qərarına əsasən 174-230 MHs tezlik zolağı DAB+ rəqəmsal radio yayımının tətbiqi üçün müyyən edilmişdir. Rəqəmsal radio yayımı Moskva şəhərində test edilib.
Belarus Respublikası – 2019-cu ilin əvvəlində DAB+ rəqəmsal radio yayımının ərazi-tezlik planı hazırlanmışdır. 2019-cu ilin aprel ayında Minsk şəhərində DAB+ rəqəmsal radio yayımı test edilib.
Özbəkistan Respublikası – cari ilin sonuna qədər DAB+ rəqəmsal radionun sınaq yayımına başlanılması nəzərdə tutulur.
Qazaxıstan Respublikası – rəqəmsal radio yayımına keçid və standartın müəyyən olunması ilə bağlı müzakirələr aparılır.
Gürcüstanda – DAB+ rəqəmsal radio yayımına keçidlə əlaqədar strategiya hazırlanıb.
İran İslam Respublikası – Tehran, Kerman və İsfahan şəhərlərində IRIB tərəfindən DAB+ rəqəmsal radioyayımı (16 radio proqram) həyata keçirilir.
Türkiyə Respublikasında – 2017-ci ilin may ayında TRT yayım şirkəti tərəfindən 4 verici ilə İstanbul, Ankara, Bursa və Kocaeli şəhərlərində test yayımına başlanılıb (7 radio proqram, ölkə üzrə əhalinin 30 faizi).
26 avqust 2019-cu il tarixində Azərbaycanda ilk dəfə Bakı Teleqüllə Kompleksində DAB+ standartlı rəqəmsal radio yayım vericisi quraşdırılmış və 11B kanalında (218.6 MHs teziyində) bir paketdə 11 yerli rəqəmsal radio proqramının Bakı şəhəri və Abşeron yarımadasında sınaq yayımı həyata keçirilib.
12 mart 2025-ci il tarixindən etibarən Bakı Teleqüllə Kompleksində 2019-cu ildən rəqəmsal radio yayımını həyata keçirən “SYES” markalı 1000 Vt-lıq DAB+ standartlı radioötürücü eyni markalı, daha güclü və müasir 3000 Vt-lıq DAB+ standartlı radioötürücü ilə əvəz olunub.
Tədbirlər Planının icrası çərçivəsində Ağsu rayonu ərazisində yerləşən Gülüstan Radio-Televiziya Yayım Stansiyasında “SYES” markalı 3000 Vt-lıq DAB+ standartlı radioötürücü anten-fider sistemi ilə birlikdə quraşdırılmaqla rəqəmsal radio yayımı şəbəkəsi genişləndirilib.
Beləliklə, Mərkəzi Aran bölgəsində, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında, eləcə də ətraf ərazilərdə 223,936 MHs təktezlikli (SFN) rejimdə 12 radio proqramın fasiləsiz qəbulu təmin edilib.
Məlumat üçün bildirək ki, Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə DAB+ standartlı rəqəmsal radio geniş tətbiq edilməkdədir. Azərbaycanda da sözügedən Sərəncamın icrası məqsədilə bu standarta keçidlə əlaqədar tədbirlər davam etdirilir.
Sözügedən keçidin məqsədi radioyayım sahəsində rəqəmsallaşmanın təmin olunması, tezlik resurslarından səmərəli istifadə, ölkə ərazisində müasir və daha keyfiyyətli radio yayımının tətbiqi, yeni növ rəqəmsal informasiya xidmətlərinin təşkili, eləcə də efir məkanının təhlükəsizliyinin gücləndirilməsinə nail olmaqdır.
Təsdiq edilmiş Tədbirlər Planının icrası nəticəsində ölkə ərazisinin 99,6 faizinin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur.
Bu məqsədlərə çatmaq üçün ölkə ərazisində rəqəmsal radioyayım şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Hazırda “Azərpoçt” MMC-nin Bakı şəhərində fəaliyyət göstərən bir neçə poçt şöbəsində (AZ1000, AZ1001, AZ1017, AZ1073, AZ1124 və AZ1138 indeksli poçt şöbələri) müxtəlif modifikasiyalı DAB+ radioqəbuledici qurğuların satışı həyata keçirilir.
Qeyd edək ki, FM analoq radio yayımlarından DAB+ rəqəmsal radio yayımına keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayət qədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərə alınacaq.
DAB+ rəqəmsal radio yayımı üzrə texniki məsələlərlə bağlı “Teleradio” İB-nin 012-493-22-63 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.