Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən “BakuTel-2016” beynəlxalq informasiya-texnologiyaları sərgi-konfransı çərçivəsində sektor üzrə ən son yeniliklər təqdim olunacaq. Açılış mərasimi 29 noyabr tarixində Bakı Ekspo Mərkəzində reallaşacaq sərgi öz işini dekabr ayının 2-dək davam etdirəcək. Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sərgi-konfransın Tədbirlər Planı təsdiq olunub.
Telekommunikasiya və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərinin nümayiş etdirilməsi üçün platforma rolunu oynayan sərgidə mütərəqqi ideya və layihələr təqdim ediləcək, sektorun inkişafı üçün əhəmiyyətli müzakirələr aparılacaq. Yeni biznes münasibətləri qurulması baxımdan sərgi-konfrans bir çox ölkələrin mütəxəssis, ekspert və sahə peşəkarları üçü böyük əhəmiyyət kəsb edir.
Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, mobil rabitə operatorları, internet provayderlər, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alacaq.
Sərgidə kommunikasiya, şəbəkə, biznes üçün rəqəmsal həllər, İT infrastrukturu və xidmətləri, məlumatların emalı kimi ənənəvi seqmentlərlə yanaşı, audio-video sistemlər, bank texnologiyaları, peyk rabitəsi, teleradio yayımı sistemləri üzrə ən son yeniliklər nümayiş olunacaq.
Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmsamlaşdırlması” layihələrinin təqdimatı baş tutacaq.
Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayət olunacaq.
Sərgi-konfransın iş günləri ərzində “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Sinqapurun Rabitə və İnformasiya Nazirliyi arasında e-hökumət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulub.
Bundan başqa, Regional Rabitə Birliyinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksək səviyyəli işçi qrupunun 4-cü iclası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İKT-nin inkişafı üzrə işçi qrupunun ilk iclası və Nazirlər Toplantısı, ikinci Azərbaycan-Böyük Britaniya Yüksək Texnologiyalar Forumu, İnternet İdarəçiliyi üzrə dördüncü Regional Forumun keçirilməsi də “Bakutel-2016”nın iş planına daxildir.
www.mincom.gov.az