06.11.1926-cı ildə Bakı şəhərində (Gənclik adlanan ərazidə) 1 nömrəli radiostansiya qurularaq istismara verilmişdir. Nəticədə 1,2 kVt-lıq (naqilli) verici vasitəsi ilə Respublikada ilk dəfə 891 kHs tezlikdə radioproqram efirdə yayımlanmışdır. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik olmuşdur.
Sonradan 1936-cı ildə 35 kVt-lıq radio verici vasitəsi ilə “Respublika” radio proqramı, 1970-cı ildə isə 20 kVt-lıq radio verici vasitəsi ilə “Araz” radioproqramı orta dalğada yayıma başlamışdır. 1969-cu ildən bu radio proqramlar “stereo” yayıma keçirilmişdir. SSRİ dövründə radiostansiya ərazisində müxtəlif tipli orta və qısa dalğa diapazonunda işləyən güclü radiovericilər vasitəsi ilə xaricə yayım həyata keçirilmişdir. Müstəqillik dövründən isə 891 kHs tezlikdə SRV-30, 702 kHs tezlikdə SRV-20, 1530 kHs tezlikdə SRV-7 radiovericiləri vasitəsi ilə “Respublika” və “İctimai” radioproqramları yayımlanmışdır.
Polad bloklardan yığılmış 180 m.-lik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulmuş və 14.02.1956-cı il tarixində ilk dəfə 5 kVt (UHF diapazonda) TV vericisi vasitəsi ilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxmışdır.
1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsi ilə Respublika stadionunda canlı yayım həyata keçirilmişdir.
1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçirilmişdir.
1996-cı ildə 310 m.-lik Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsi ilə AzTV1 proqramı 5 kVt-lıq TV verici vasitəsi ilə VHF diapazonunda, 2001-ci ildən isə 5 kVt-lıq TV verici vasitəsi ilə UHF diapazonunda yayımlanmağa başlamışdır.
İlk dəfə 1997-ci ildən I Respublika və Araz radioproqramlarının Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanmışdır.
Hazırda “Azərbaycan” radiosu ölkə ərazisinin 99,0 %-ni, “İctimai” radio 93 %-ni, “Asan” FM 60 %-ni, “Araz FM” 88 %-ni, “Space FM” 45 %-ni, 106 FM 35 %-ni, “Azad Azərbaycan” FM 75 %-ni, “Xəzər FM” 70 %-ni, “Radio TMB” 75 %-ni, “Radio Anten FM” 80 %-ni, “Avto radio” FM 40 %-ni, “Media FM” 76 %-ni, “Real FM” 35 %-ni, “Kəpəz FM” 35 %-ni, “CBC FM” 15 %-ni əhatə edir.
Ümumrespublika FM radio proqramları ölkənin əksər ərazilərində yayımlanır və tələbata uyğun radio proqramlarının əhatə dairəsi genişləndirilir.