6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

Hər il noyabrın 6-sı ölkəmizdə televiziya və radio sahəsində çalışanların peşə bayramı kimi qeyd olunur. Belə ki, 1926-cı ilin noyabrın 6-da Azərbaycanda ilk radio proqramı efirə verilib. Bundan sonra ölkədə radio və televiziya yayımının inkişafı bir neçə mühüm mərhələdən keçib.

Televiziya yayımının tarixi 1956-cı il fevralın 14-dən başlayır. Həmin gün ilk dəfə ağ-qara təsvirdə “AzTV1” proqramı efirə çıxıb. Artıq 1957-ci il iyunun 28-də səyyar televiziya vasitəsilə respublika stadionundan ilk canlı yayım həyata keçirilib.

1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyaları, 1962-ci ildə isə Naxçıvan MR-də kiçik güclü TV stansiyası və studiya yaradılıb. 1967-ci ildən etibarən ağ-qara televiziya yayımından rəngli — SECAM sistemli TV yayımına keçid başlanıb.

1996-cı ildə Bakı Teleqüllə Kompleksi istifadəyə verilib və bununla radio-televiziya yayımları üçün əlavə texniki imkanlar yaranıb. 1997-ci ildə I Respublika və Araz radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanmağa başlayıb.

2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentinin provayderlərə ötürülməsinə başlanılıb.

Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmsal TV yayımına keçid tam başa çatdırılıb. Rəqəmsal yayıma keçidin əsas üstünlükləri televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət daşıyan tezlik resurslarından səmərəli istifadə və çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaradılmasıdır.

Hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində yerüstü yayımlanan bütün TV proqramlar Full HD formatda yayımlanır.

2019-cu ildə ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmsal radio yayımına başlanılıb. Rəqəmsal radionu 218,6 MHs (11B) tezliyində qəbulu mümkündür. Həmçinin 2025-ci ildə isə Mərkəzi Aran bölgəsində, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında, eləcə də ətraf ərazilərdə 223,936 MHs təktezlikli (SFN) rejimdə 12 radio proqramın fasiləsiz qəbulu təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na və əhalinin geri qayıdış mərhələlərinə uyğun olaraq, radio-televiziya yayım şəbəkəsinin bərpası həyata keçirilir.

Televiziya və radio yayımının inkişafına öz əməyi ilə töhfə verən bütün həmkarlarımızı peşə bayramı münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı və fəaliyyətlərində yeni uğurlar arzulayırıq!