6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür

06.11.1926-cı ildə Bakı şəhərində (Gənclik adlanan ərazidə) 1 nömrəli radiostansiya qurularaq istismara verilmişdir. Nəticədə 1,2 kVt-lıq (naqilli) verici vasitəsi ilə Respublikada ilk dəfə 891 kHs tezlikdə radioproqram efirdə yayımlanmışdır. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik olmuşdur.
Sonradan 1936-cı ildə 35 kVt-lıq radio verici vasitəsi ilə “Respublika” radio proqramı, 1970-cı ildə isə 20 kVt-lıq radio verici vasitəsi ilə “Araz” radioproqramı orta dalğada yayıma başlamışdır. 1969-cu ildən bu radio proqramlar “stereo” yayıma keçirilmişdir. SSRİ dövründə radiostansiya ərazisində müxtəlif tipli orta və qısa dalğa diapazonunda işləyən güclü radiovericilər vasitəsi ilə xaricə yayım həyata keçirilmişdir. Müstəqillik dövründən isə 891 kHs tezlikdə SRV-30, 702 kHs tezlikdə SRV-20, 1530 kHs tezlikdə SRV-7 radiovericiləri vasitəsi ilə “Respublika” və “İctimai” radioproqramları yayımlanmışdır.
Polad bloklardan yığılmış 180 m.-lik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulmuş və 14.02.1956-cı il tarixində ilk dəfə 5 kVt (UHF diapazonda) TV vericisi vasitəsi ilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxmışdır.
1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsi ilə Respublika stadionunda canlı yayım həyata keçirilmişdir.
1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçirilmişdir.
1996-cı ildə 310 m.-lik Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsi ilə AzTV1 proqramı 5 kVt-lıq TV verici vasitəsi ilə VHF diapazonunda, 2001-ci ildən isə 5 kVt-lıq TV verici vasitəsi ilə UHF diapazonunda yayımlanmağa başlamışdır.
İlk dəfə 1997-ci ildən I Respublika və Araz radioproqramlarının Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanmışdır.
Respublikanın regionlarında televiziya yayımının təşkili məqsədi ilə radio-rele xətlərinin tikintisinə başlanılmış və ilk dəfə 1980-cı ildə Bakı-Ağstafa istiqamətində radio-rele xətti istismara verilmişdir.
1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-da kiçik güclü TV stansiya və studiya qurulmuşdur.
1980-cı ildən başlayaraq televiziya proqramlarının peykdən qəbul sistemlərinin tətbiqinə başlanılmış və Moskva tipli kosmik qəbul stansiyası istismara verilmişdir.
1992-ci ildə Bakı və Ankara arasında peyk rabitəsinin təşkil olunması nəticəsində bu sahədə inkişafa böyük təkan verilmiş və müxtəlif peyklərdən istifadə edilməklə Azərbaycan Respublikasının bir çox ölkələrlə birlikdə peyk rabitə sistemi təşkil olunmuşdur.
1996-cı ildə AzTV1, I Respublika və Araz dövlət proqramları əvvəlcə Türksat 1C 420 peyki üzərindən, 2003-cü ildən isə alternativ olaraq Sesat 360 peyki üzərindən yayımı təşkil edilmiş və bununla da, respublika ərazisinin bütün yaşayış məntəqələrinin dövlət radio-televiziya proqramlarının peykdən qəbulu üçün imkan yaradılmışdır. Həmçinin, Avropa, Asiya və Yaxın Şərq dövlətlərində bu proqramın peykdən qəbul imkanı yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274 s saylı 13 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib və Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq olunmuşdur. Bu proqrama əsasən, ölkə ərazisində rəqəmli televiziya yayımına keçidlə əlaqədar müvafiq tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasında rəqəmli televiziya yayımına keçidlə əlaqədar, Cənubi Qafqaz və Asiya dövlətləri arasında ilk dəfə Bakı Teleqüllə Kompleksində 2004-cü ildə RMS gücü 300 Vt olan verici vasitəsi ilə 37-ci TV kanalda MPEG-2 formatında 4 TV proqramın test yayımına başlanılmışdır.
2008-ci ildə Bakı şəhərində MPEG-4 standartlı TV yayımın sınağı həyata keçirilmişdir.
2009-cu ildə Bakı şəhəri və ətraf ərazilərdə MPEG-4 standartında 12 TV proqramın yayımına başlanılmış və əhalinin 35%-i rəqəmli TV-ni qəbul etmək imkanına malik olmuşdur.
2010-cu ildə ölkə ərazisində rəqəmli TV yayım şəbəkəsi genişləndirilərək, Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və respublikanın cənub bölgəsini əhatə etmiş və ölkə əhalisinin 55 %-i rəqəmli TV ilə əhatə olunmuşdur.
Rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixindən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş 27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərara uyğun olaraq, ölkə ərazisində analoq TV yayımlar 20 dekabr 2016-cı il tarixində tam dayandırılmış və rəqəmli TV yayımına keçid tam başa çatdırılmışdır.
Hazırda, respublika ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 118 radioverici vasitəsi ilə 13 ümumrespublika radioproqramı FM diapazonunda yayımlanır.
Ötən dövr ərzində radio yayımı mərhələlərlə inkişaf etmişdir. Belə ki, 13.04.2012-ci il tarixində Bakı Teleqüllə Kompleksinin 200 metr hündürlüyündə quraşdırılmış, İtaliyanın RVR Elektronika şirkətinin istehsalı olan 5 kVT gücündə HD radioverici vasitəsi ilə Bakı şəhərində ilk dəfə olaraq 105 MHs tezliyində “Azərbaycan” radiosu ilə “İctimai” radionun HD formatlı yayımı həyata keçirilmişdir. Həmçinin, 48-ci TV kanalda işləyən 2,6 kVt-lıq gücə malik, DVB-T2 standartlı, HD verici Bakı Teleqüllə Kompleksində quraşdırılaraq istismara verilmişdir. Nəticədə, “İctimai” televiziyanın proqramlarının HD yayımı həyata keçirilmişdir.
Fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədi ilə 2016-cı ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunmuşdur.
Alternativ RTYS-də yeni quraşdırılmış FM verici “Respublika” və “İctimai” radioproqramlarının alternativ yayımını təmin edir.
Hazırda, Azərbaycanda ilk olaraq cari ilin sonunadək Bakı Teleqüllə Kompleksi vasitəsi ilə Bakı şəhərində 3-cü tezlik diapazonunda DAB+ texnologiyalı rəqəmli radionun sınaq yayımına başlanılması üçün işlər aparılır.