6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

1926-cı il 6 noyabr tarixində Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlandı. Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.

Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. Həmin ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb.

1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib.

1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub.

1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub.

1996-cı ildə Bakı Teleqüllə Kompleksi istifadəyə verilib və radio-televiziya yayımları üçün əlavə texniki imkan yaranıb.

1997-ci ildə I Respublika və Araz radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.

Hazırda respublika ərazisində 100-dən çox radio-televiziya yayım stansiyası istismar olunur.

2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb.

Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də “İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib.

Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmsal TV yayımına keçid tam başa çatdırılıb.

Qeyd edək ki, rəqəmsal yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.

Fatmayı – Sumqayıt – Xızı – Dağbilici (Şabran) – Yergüc – Quba istiqamətində 185 km uzunluğunda radio-rele xəttinin rəqəmsala rekonstruksiyası 2019-cu ildə başa çatdırılaraq istismara verib.

2016-cı ildə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədilə 1 nömrəli radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, Alternativ Radio-Televiziya Yayım Stansiyası təşkil olunub.

“Teleradio” İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmsal radio yayımına başlanılıb. Rəqəmsal radionu 218,6 MHs (11B) tezliyində qəbulu mümkündür.

İşğaldan azad edilmiş ərazilərimizdə Şuşa, Mincivan, Xanlıq, Şahyeri və Laçın Radio-Televiziya Yayım Stansiyalarından radio-televiziya yayımı bərpa edilib, eləcə də Kəlbəcər rayon mərkəzində lokal yayım təmin olunub.

06.11.2022