6 noyabr 1926-cı ildə Bakı şəhərində (Gənclik adlanan ərazidə) 1 nömrəli radiostansiya qurularaq istismara verilib. Nəticədə 1,2 kVt-lıq (naqilli) verici vasitəsi ilə Respublikada ilk dəfə 891 kHs tezlikdə radioproqram efirdə yayımlanıb. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik olub.
Sonradan 1936-cı ildə 35 kVt-lıq radio verici vasitəsi ilə “Respublika” radio proqramı, 1970-cı ildə isə 20 kVt-lıq radio verici vasitəsi ilə “Araz” radioproqramı orta dalğada yayıma başlayıb. 1969-cu ildən bu radio proqramlar stereo yayıma keçirilib. SSRİ dövründə radiostansiya ərazisində müxtəlif tipli orta və qısa dalğa diapazonunda işləyən güclü radiovericilər vasitəsi ilə xaricə yayım həyata keçirilib. Müstəqillik dövründən isə 891 kHs tezlikdə SRV-30, 702 kHs tezlikdə SRV-20, 1530 kHs tezlikdə SRV-7 radiovericiləri vasitəsi ilə “Respublika” və “İctimai” radioproqramları yayımlanıb.
Polad bloklardan yığılmış 180 m.-lik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub və 14.02.1956-cı il tarixində ilk dəfə 5 kVt (UHF diapazonda) TV vericisi vasitəsi ilə ağ-qara təsvirdə “AzTV1” proqramı efirə çıxıb.
28 iyun 1957-ci il tarixdə ilk dəfə olaraq səyyar televiziya vasitəsi ilə Respublika stadionunda canlı yayım həyata keçirilib.
1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçirilib.
1996-cı ildə 310 m.-lik Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsi ilə “AzTV1” proqramı 5 kVt-lıq TV verici vasitəsi ilə VHF diapazonunda, 2001-ci ildən isə 5 kVt-lıq TV verici vasitəsi ilə UHF diapazonunda yayımlanmağa başlayıb.
İlk dəfə 1997-ci ildən “I Respublika” və “Araz” radioproqramlarının Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımına başlanılıb.
26 avqust 2019-cu il tarixdən etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində (tezlik diapazonu: 174 ÷ 230 MHs) bir paketdə 12 radio proqramın DAB+ standartlı rəqəmsal yayımına başlanılıb. Hazırda paytaxt ərazisində radiolar həm FM diapazonunda, həm də rəqəmsal formatda yayımlanır. Yaxın gələcəkdə bölgələrdə də rəqəmsal radionun tətbiqinə başlanılması planlaşdırılır.
Rəqəmsal radio yayımı radiotezlik spektrindən daha səmərəli istifadəyə, radiosiqnalın daha inamlı qəbuluna, bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürülə bilməsinə, həmçinin tək tezlikli şəbəkə (SFN) rejimində yayıma imkan verir.
Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixindən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Milli Televiziya və Radio Şurası tərəfindən verilən 27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərara uyğun olaraq, ölkə ərazisində analoq TV yayımlar 20 dekabr 2016-cı il tarixində dayandırılıb və rəqəmli TV yayıma keçid tam başa çatdırılıb.
Hazırda televiziya proqramları bütün ölkə ərazisində rəqəmsal texnologiya əsasında yayımlanır.
Eyni zamanda, həmin televiziya proqramlarının böyük əksəriyyəti paytaxt ərazisində HD formatda da yayımlanır. Buna qədər isə Azərbaycanda ilk dəfə TV proqramların HD formatlı yayımı “Eurovision-2012” mahnı müsabiqəsi zamanı Bakı Teleqüllə Kompleksi vasitəsi ilə həyata keçirilib.
Bundan sonra, 2016-cı ildən İdman Azərbaycan TV, CBC Sport TV proqramlarının, 2017-ci ilin sentyabr ayından ATV, oktyabr ayından Xəzər TV və İctimai TV proqramlarının, 2018-ci ilin fevral ayından AzTV, Mədəniyyət TV proqramlarının, 2019-cu ilin iyun ayından ARB24 və 2021-ci ilin 12 yanvar tarixindən Space TV proqramının Bakı Teleqüllə Kompleksindən Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatlı yerüstü yayımına başlanılıb.
Hazırda Bakı Teleqüllə Kompleksi üzərindən “Azerspace-1” peykinə bütün yerli TV proqramların HD formatında qaldırılması istiqamətində işlər davam etdirilir. Bu günədək isə CBC Sport TV proqramının peykdən HD formatda yayımı təmin edilib.
Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şücaətli ordumuzun qəhrəmanlığı və milli birlik sayəsində 44 günlük müharibəni qələbə ilə başa vurduqdan sonra, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunan ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlərə başlanılıb. Bu günədək, 31.12.2020-ci il tarixdə Şuşada, 04.10.2021-ci il tarixində Kəlbəcərdə, 20.10.2021-ci il tarixdə Zəngilanda və 25.10.2021-ci il tarixdə Qubadlıda radio-televiziya yayımları bərpa edilib. Sözügedən stansiyalardan yayımlanan radio-televiziya proqramları və onların yayım dairəsi aşağıdakı kimidir:
Şuşa stansiyasından yayımlanan radio-televiziya proqramlarının siyahısı və yayım əhatəsi:
- 30-cu televiziya kanalında rəqəmsal paketdə 11 TV proqram (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, CBC TV, Real TV, Xəzər TV, Azad Azərbaycan TV, CBC Sport, ARB-24, TRT-1);
- 4 radio (101.7 MHs tezlikdə Azərbaycan radiosu, 90.7 MHs tezlikdə İctimai FM, 102.7 MHs tezlikdə CBC radiosu, 98.3 MHs tezlikdə Azad Azərbaycan radiosu);
- Yayımların əhatə dairəsi:
Şuşaya, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələri.
Kəlbəcər stansiyasından yayımlanan radio-televiziya proqramlarının siyahısı və yayım əhatəsi:
- 23-cü televiziya kanalında rəqəmsal paketdə 8 TV proqram (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, Space TV, Azad Azərbaycan TV, Xəzər TV, CBC TV);
- 1 radio (105 MHs tezlikdə Azərbaycan radiosu);
- Yayımların əhatə dairəsi:
Kəlbəcər şəhəri və Kəlbəcər rayonunun 15 kəndi – Boyaqlı, Yellicə, Geşdək, Şaplar, İkinci Milli, Məmməduşağı, Tatlı, Qaraçanlı, Xolazəg, Dağ Qılınclı, Otaqlı, Dalayrım, Kilsəli, Çaykənd kəndləri və Yanşaq kəndinin bir hissəsi.
Mincivan (Zəngilan) stansiyasından yayımlanan radio-televiziya proqramlarının siyahısı və yayım əhatəsi:
- 43-cü televiziya kanalında rəqəmsal paketdə 8 TV proqram (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, Space TV, Azad Azərbaycan TV, Xəzər TV, CBC TV);
- 2 radio (100.5 MHs tezlikdə Azərbaycan radiosu, 99.5 MHs tezlikdə İctimai radio);
- Yayımların əhatə dairəsi:
Zəngilan şəhəri, Mincivan qəsəbəsi və Zəngilan rayonunun 10 kəndi – Qıraq Muşlan, İçəri Muşlan, Xurama, Muğanlı, Baharlı, Dəlləkli, Bartaz, Qaradərə, Şəfibəyli.
Qubadlı stansiyasından yayımlanan radio-televiziya proqramlarının siyahısı və yayım əhatəsi:
- 26-cı televiziya kanalında rəqəmsal paketdə 8 TV proqram (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, Space TV, Azad Azərbaycan TV, Xəzər TV, CBC TV);
- 2 radio (103.5 MHs tezlikdə Azərbaycan radiosu, 101.5 MHs tezlikdə İctimai radio);
- Yayımların əhatə dairəsi:
Qubadlı şəhəri və Qubadlı rayonunun 12 kəndi – Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Həmzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu.
Cari ilin sonunadək Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Şahyeri stansiyasının istismara verilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə intensiv işlər davam etdirilir. Stansiyanın istismara verilməsi nəticəsində Xocavənd, Füzuli, Cəbrayıl, Beyləqan, Ağcabədi, Ağdam rayonları, eləcə də, İmişli, Zərdab, Bərdə, Tərtər və Qubadlı rayonlarının Hadrut istiqamətindəki yaşayış məntəqələri radio-televiziya yayımları ilə təmin olunacaqdır.