Respublika ərazisində dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün istismar olunan analoq radio-rele xətt şəbəkəsinin rəqəmliyə rekonstruksiyası işləri çərçivəsində Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi (Teleradio İB) Fatmayı – Sumqayıt – Xızı – Dağbilici (Şabran) – Yergüc – Quba istiqamətində, 185 km uzunluğunda radio-rele xəttinin rəqəmliyə rekonstruksiyasını başa çatdırıb və istismara verib.
Analoq radio-rele xətt şəbəkəsinin rəqəmliyə rekonstruksiyası nəticəsində, həm TV proqramların peykdən yayımına alternativlik təmin olunacaq, həm də, regionlarda istismar olunan güclü radio-televiziya yayım stansiyalarından proqramların və digər data məlumatlarının (stansiyadakı avadanlıqların işinə nəzarətin, uzaqdan idarəetmənin, yanğın siqnalizasiya siqnallarının və video müşahidə görüntülərinin) Bakı Teleqüllə Kompleksindəki mərkəzi baş stansiyaya çatdırılması təmin ediləcəkdir.
Radio-rele xətt şəbəkəsinin respublika üzrə ümumi uzunluğu 1748,7 km təşkil edir ki, bunun da 969,7 km-i rəqəmliyə rekonstruksiya olunub.
Ölkə ərazisində radio-rele xətt şəbəkəsinin yeni texnologiyaların tətbiqi ilə yenidən qurulmasını və inkişafını təmin etmək məqsədilə, növbəti 5 ildə daha 779 km uzunluğunda analoq radio-rele xəttinin rəqəmliyə rekonstruksiyası Teleradio İB tərəfindən nəzərdə tutulur.