Serbiya analoq televiziya yayımından rəqəmli formata keçidi uğurla başa çatdırıb. Hazırda ölkə əhalisinin 97,8 faizi televiziya proqramlarını rəqəmli standartda qəbul etmək imkanına malikdir.
Serbiya analoq yayımının dayandırılmasını iyunun 17-nə planlaşdırsa da, bu, on gün tez edilib. “InSerbia News” nəşrinin məlumatına görə, ölkədə analoq televiziya ötürücüləri son olaraq Kopaonik, Yastrebas, Besna Kobila, Ser və Malen regionlarında söndürülüb. Bununla Serbiyanın analoq televiziya yayımından rəqəmli standarta keçidi tam başa çatıb.
Serbiya ictimaiyyətinin rəqəmli televiziyaya reaksiyası ümumilikdə müsbətdir. Belə ki, ölkə sakinləri 20-dən çox telekanalı rəqəmli formatda izləyə bilir.
Serbiya “DVB-T2” standartında rəqəmli televiziyanı istifadəyə verən altı Avropa ölkəsindən biridir, – “Mediasat” yazır.