Radio və TV yayımı

Teleradio İB-nin radio-TV yayımı

1924-cü ildə Bakıda ilk radio qurğusu  quraşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxmışdır. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. 1956-ci il, fevral ayının 14-də isə efir məkanında ilk televiziya verilişi yayımlanmışdır.
Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi (Teleradio İB) ötən dövr ərzində respublika vətəndaşlarını yüksək keyfiyyətli yayımla təmin edir. Teleradio İB-nin xidmət dairəsi bütün ölkəni əhatə edir. Əsas yayım mərkəzi funksiyasını daşıyan Bakı Teleqüllə Kompleksi (BTK) vasitəsilə peyk rabitəsi, faks, telefon rabitəsi, yerüstü rəqəmli TV yayımı kimi xidmətlər təşkil edilir. BTK-nin xidməti sayəsində xaricdə yaşayan həmvətənlərimiz peyk rabitəsi vasitəsilə ölkəmizdə gedən siyasi, ictimai-sosial və s. prosessləri izləyə bilirlər.

Digər ölkələrdə olduğu kimi, Azərbaycan respublikasının ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində tədbirlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274s saylı 13.09.2006-cı il tarixli sərəncamına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilmişdir. Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq edilmişdir.

Azərbaycanda ilk dəfə rəqəmli TV verici Bakı şəhərində 2004-cu ildə quraşdırılmışdır. O vaxt bu verici vasitəsilə MPEG-2 standartında 4 TV proqramın yayımı test edilirdi. 2008-ci ildə isə Bakı şəhərində MPEG-4 standartlı TV yayımın test işlərinə başlandı. Artıq, 2009-cu ildə Bakı şəhəri və ətraf ərazilərdə MPEG-4 standartla 12 TV proqramın yayımı həyata keçirilməyə başladı. Həmin il artıq, əhalinin 35%-i rəqəmli TV-ni qəbul etmək imkanına malik oldu. 2010-cu ildə ölkə ərazisində rəqəmli TV yayım şəbəkəsi genişləndirilərək Bakı şəhəri ilə yanaşı Gəncə, Şirvan və respublikanın cənub bölgəsində yayıma başlanıldı ki, bu da ölkə əhalisinin 55%-nin rəqəmli TV ilə əhatə edilməsini təmin etdi. 2011-ci ildə isə qarşıya qoyulan əsas məsələ ilin sonuna kimi ölkə əhalisinin 85%-nin açıq yayımlanan paketlə təmin edilməsi idi ki, bu məqsədlə, respublikanın əlavə olaraq 28 TV stansiyasında müxtəlif güclü TV vericilər quraşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə əsasən, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən 27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərar çıxarılmış və icra edilmişdir. Bununla da, ölkə ərazisində analoq TV yayım dayandırılmaqla, DVB-T standartlı rəqəmli TV yayıma keçid tam başa çatdırılmışdır.
Hazırda, ölkə əhalisinin təxminən 99,7%-i açıq paketli 10 – 12 TV proqramdan ibarət (AzTV, İTV, İdman Azərbaycan TV, Mədəniyyət TV, Lider TV, ATV, Space TV, Xəzər TV, ARB TV və CBC sport TV) rəqəmli yayımla əhatə edilmişdir. Qeyd edirik ki, paketdə yayımlanan proqramların sayı paytaxta və bölgələrə görə dəyişir. Məsələn, paytaxtda yayımlanan paketin tərkibində 12 TV proqram olduğu halda, hansısa digər bölgənin ərazisində bu rəqəm 9 ola bilər və s.