Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Gəncədə vətəndaşlarla görüşü keçirilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq və tövsiyələrinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bölgədə növbəti görüşünü keçirib.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə avqustun 22-də Gəncə şəhərində keçirilmiş görüşdə Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.

Müraciətlər əsasən, telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər daha sonra Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyilə  aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə ətraflı müzakirə olunub.

Müşavirədə sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti və  vətəndaş şikayətləri üzrə geniş müzakirə aparılıb.

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yaxşılaşdırılması, işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib.

Eyni zamanda, nazir qarşıya çıxan problemlərin vaxtında həll olunması, xidmət mədəniyyətinin lazımi səviyyəyə çatdırılması, vətəndaş şikayətlərinə ciddi reaksiya verilməsi üçün müvafiq göstərişlər verib.

www.mincom.gov.az